Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andriy Yermaka qarşı külli miqdarda vəsaitin leqallaşdırılması işi üzrə şübhə elan edilib. Ukrayna Milli Antikorrupsiya Bürosu — NABU və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu — SAPO Kiyev yaxınlığında elit tikinti layihələri vasitəsilə 460 milyon qrivnadan çox vəsaitin leqallaşdırılması ilə bağlı mütəşəkkil qrupun ifşa olunduğunu açıqlayıb.
“Ukrainska Pravda” nəşrinin məlumatına görə, söhbət Kiyev vilayətinin Kozın qəsəbəsində yerləşən “Dynasty” adlı elit yaşayış layihəsi ətrafında aparılan istintaqdan gedir. İstintaq versiyasına əsasən, layihə iştirakçıları bahalı malikanələrin tikintisi zamanı cinayət yolu ilə əldə edildiyi iddia olunan vəsaitlərin leqallaşdırılmasında iştirak ediblər.
NABU və SAPO-nun məlumatında şübhənin Ukrayna Prezident Ofisinin keçmiş rəhbərinə təqdim edildiyi bildirilir. “Reuters” yazır ki, Ukrayna qanunvericiliyi bəzi hallarda hüquq-mühafizə orqanlarının şəxsin adını birbaşa açıqlamasını məhdudlaşdırsa da, yerli media həmin şəxsin Andriy Yermak olduğunu geniş şəkildə yazıb.
İş üzrə hüquqi kvalifikasiya Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi ilə aparılır. Bu maddə cinayət yolu ilə əldə edilmiş əmlakın mütəşəkkil qrup tərəfindən və ya xüsusilə külli miqdarda leqallaşdırılmasını nəzərdə tutur. Hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin davam etdiyi bildirilir.
Məlumata görə, istintaq çərçivəsində daha əvvəl torpaq sahələri və yarımçıq tikililər üzərinə həbs qoyulub. Ukrayna mediası yazır ki, “Dynasty” layihəsi ilə bağlı materiallar dərc olunduqdan sonra layihə sahiblərinin əmlakı mümkün müsadirədən yayındırmağa çalışdığı iddia olunur.
Yermak Ukrayna siyasətində uzun müddət Prezident Volodimir Zelenskinin ən yaxın fiqurlarından biri hesab olunub. O, 2020–2025-ci illərdə Prezident Ofisinə rəhbərlik edib və müharibə dövründə həm daxili qərarların qəbulunda, həm də Rusiya ilə danışıqlar prosesində mühüm rol oynayıb. Bu iş Zelenski administrasiyası üçün ciddi siyasi təzyiq yaradan geniş antikorrupsiya araşdırmalarının davamı kimi qiymətləndirilir.
Hələlik istintaq davam edir və Yermakın təqsiri məhkəmə qərarı ilə sübuta yetirilməyib.