“Rayo Valyekano” stadionundan müvəqqəti uzaqlaşdırılıb

Madrid rəhbərliyi təhlükəsizlik və sanitariya pozuntularına görə “Rayo Valyekano”nun Valyekas stadionundan istifadə hüququnu müvəqqəti dayandırıb. Klub ev oyunlarını keçirmək üçün Burqosun “El Plantio” arenasını alternativ kimi La Liqaya təqdim edib.

16

Madrid Muxtar İcması ciddi təhlükəsizlik və sanitariya nöqsanlarına görə “Rayo Valyekano”nun Valyekas stadionundan istifadə hüququnu müvəqqəti dayandırıb.

MSNews.az xəbər verir ki, regional hökumətin sifarişi ilə aparılan audit stadiondakı avadanlıqların köhnəldiyini və bir sıra normativ tələblərin pozulduğunu müəyyənləşdirib. Hesabatda nasaz elektrik sistemləri, fövqəladə işıqlandırmadakı problemlər, tullantıların yığılması, yanğın ehtimalı və legionella bakteriyası ilə bağlı nəzarətin yetərsizliyi kimi risklər göstərilib.

“Reuters” yazır ki, Madrid rəhbərliyi təcili təmir işlərinin iki aydan altı ayadək davam edə biləcəyini açıqlayıb. Buna görə stadionun məhz altı ay bağlı qalacağı hələ dəqiq qərar deyil.

“Cadena SER” məlumat verir ki, regional hakimiyyət təhlükəsizlik sənədlərinin təqdim edilməsi və nöqsanların aradan qaldırılması üçün kluba bir neçə dəfə müraciət edib. Madridin mədəniyyət, turizm və idman üzrə regional müşaviri Mariano de Pako klubun tələb olunan sənədləri təqdim etmədiyini və buna görə stadiondan istifadə icazəsinin dayandırıldığını bildirib.

Valyekas stadionu Madrid Muxtar İcmasına məxsusdur və “Rayo Valyekano” arenadan müqavilə əsasında istifadə edirdi. Regional hökumət bundan əvvəl stadionun tutumunun 14,5 mindən azı 18,5 minədək artırılmasını nəzərdə tutan genişmiqyaslı yenidənqurma layihəsini təqdim etmişdi. Təcili təhlükəsizlik işləri həmin uzunmüddətli layihədən ayrıca həyata keçirilir.

İlkin məlumatlarda İspaniya Futbol Federasiyasının klub üçün yeni stadion axtardığı bildirilsə də, son məlumatlar bunu təsdiqləmir. Alternativ meydançanı “Rayo Valyekano” özü seçərək təsdiqlənməsi üçün La Liqaya təqdim edib.

“El País” yazır ki, Madrid klubu Burqos şəhərində yerləşən “El Plantio” stadionunu müvəqqəti ev meydançası kimi müəyyənləşdirib. “Rayo Valyekano” ilə “Burqos” arasında yekun müqavilə hələ imzalanmayıb və stadion dəyişikliyi La Liqa tərəfindən təsdiqlənməlidir.

Plan təsdiqlənərsə, “Rayo Valyekano” avqustun 20-də “Alaves”ə qarşı keçirəcəyi mövsümün ilk ev oyununu Madridə təxminən 243 kilometr məsafədə yerləşən “El Plantio”da oynayacaq. Klub daha əvvəl “Butarke” və “Xose Sorrilya” stadionlarını da nəzərdən keçirib.

Komandanın futbolçuları birgə açıqlamalarında Valyekasda oynamağa davam etmək istədiklərini bildiriblər. “Unión Rayo” oyunçulara istinadən stadiondakı köhnəlmə və qeyri-kafi texniki xidmət problemlərinin uzun müddətdir mövcud olduğunu yazıb. Futbolçular həm klub rəhbərliyini, həm də regional hakimiyyəti təcili həll yolu tapmağa çağırıblar.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Xəbər lenti