Braziliyanın “Santos” futbol klubu ulduz hücumçu Neymarın atası Neymar da Silva Santosu baş direktor (CEO) vəzifəsinə təyin edib. Onunla 2026-cı ilin dekabr ayının sonunadək müqavilə imzalanıb.
MSNews.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo Esporte” nəşri və “Itatiaia” radiosu məlumat yayıb. Təyinat noyabrın 6-da klub prezidenti Marselo Teyşeyra tərəfindən rəsmiləşdirilib.
Neymarın atasının vəzifədə qalması dekabrın 12-də keçiriləcək klub prezidenti seçkilərinin nəticəsindən asılı olacaq. Marselo Teyşeyra yenidən prezident seçilərsə, onun 2027-ci ildə də baş direktor kimi fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
Yeni vəzifəsində Neymar da Silva Santos klubun futbol, marketinq və biznesin inkişafı istiqamətlərində idarəetmə proseslərinə cəlb olunacaq.
O, həmçinin gənc futbol istedadlarının aşkarlanması və klub əfsanələri ilə əlaqələrin gücləndirilməsi məqsədilə yaradılan “Instituto Meninos da Vila” layihəsinə rəhbərlik edəcək.
Qeyd edək ki, Neymarın atası daha əvvəl də sahibi olduğu NR Sports şirkəti vasitəsilə “Santos”un fəaliyyətində iştirak edib. O, stadionun yenilənməsi və klubun maliyyə öhdəliklərinin həlli istiqamətində bir sıra layihələrə dəstək göstərib.
“Santos”da baş direktor vəzifəsi 2025-ci ilin mayından, Pedro Martinsin ayrılmasından sonra boş idi.