ABŞ-ın Arizona ştatı Fransanın kosmetika nəhəngi “L’Oréal”a qarşı məhkəmə iddiası qaldıraraq şirkəti kimyəvi saç düzləşdirici məhsulların qadınlarda xərçənglə əlaqəli ola biləcəyinə dair məlumatları gizlətməkdə ittiham edib. Arizona bu məsələ ilə bağlı şirkətə qarşı məhkəməyə müraciət edən ilk ABŞ ştatıdır.
MSNews.az xəbər verir ki, Arizona baş prokuroru Kristin Mayesin təqdim etdiyi iddiada “L’Oréal”ın istehlakçıları mümkün uşaqlıq və yumurtalıq xərçəngi riskləri barədə xəbərdar etmədən saç düzləşdirici məhsulları satmaqla ştatın istehlakçıların müdafiəsi qanunlarını pozduğu iddia olunur.
Bu barədə “Reuters” məlumat yayıb.
Ştat məhkəmədən “L’Oréal”a qarşı maliyyə cərimələri və zərərin ödənilməsini, həmçinin xərçəng riski barədə xəbərdarlıq olmadığı halda mübahisəli məhsulların satışının dayandırılmasını tələb edir.
İddiada bildirilir ki, “L’Oréal” və onunla əlaqəli şirkətlər onilliklər ərzində xüsusilə qaradərili qadınlar arasında geniş istifadə olunan məhsulları “Dark and Lovely”, “Optimum” və digər brendlər altında satıb. Arizona tərəfi şirkətin istehlakçı təhlükəsizliyindən daha çox kommersiya maraqlarını üstün tutduğunu iddia edir.
“L’Oréal” isə bundan əvvəl oxşar iddiaları rədd edib. Şirkət məhsullarının ciddi təhlükəsizlik qiymətləndirmələrindən keçdiyini və ona qarşı irəli sürülən tələblərin elmi və hüquqi əsasının olmadığına əmin olduğunu bildirib. Son iddia ilə bağlı şirkətin nümayəndəsi “Reuters”in şərh sorğusuna dərhal cavab verməyib.
Hazırda ABŞ-da qadınlar və onların ailələri tərəfindən saç düzləşdirici məhsullarla bağlı 12 mindən çox oxşar iddia qaldırılıb. İşlər daha səmərəli idarə olunması üçün Çikaqodakı federal məhkəmədə çoxrayonlu məhkəmə prosesi çərçivəsində birləşdirilib. İlk məhkəmə proseslərinin gələn il başlaması mümkündür.
Mübahisələrin əsas elmi istinadlarından biri 2022-ci ildə ABŞ Milli Səhiyyə İnstitutlarının apardığı araşdırmadır. “NIH” tərəfindən açıqlanan nəticələrə görə, əvvəlki il ərzində kimyəvi saç düzləşdiricilərindən dörd dəfədən çox istifadə edən qadınlarda uşaqlıq xərçənginə tutulma göstəricisi bu məhsullardan istifadə etməyənlərlə müqayisədə iki dəfədən çox yüksək olub.
Araşdırmada 35–74 yaşlarında təxminən 33,5 min qadın orta hesabla 11 ilə yaxın izlənilib. Modelləşdirməyə əsasən, saç düzləşdiricilərindən istifadə etməyən qadınlarda 70 yaşadək uşaqlıq xərçənginə tutulma riski təxminən 1,64%, tez-tez istifadə edənlərdə isə 4,05% hesablanıb.