Ukraynanın paytaxtı Kiyevdə enerji böhranı kəskinləşib. Rusiyanın enerji infrastrukturuna hücumları nəticəsində şəhərin müxtəlif ərazilərində elektrik təchizatı dayanıb, fövqəladə kəsintilər tətbiq olunub.
MSNews.az xəbər verir ki, Kiyev şəhər administrasiyasının məlumatına əsasən, noyabrın 7-də səhər saat 7:00-dan etibarən elektrik enerjisinin təcili məhdudlaşdırılmasına başlanılıb. Enerji çatışmazlığı səbəbindən əvvəlcədən müəyyən edilmiş kəsinti qrafikləri qüvvədən düşə bilər.
“Reuters” agentliyinin məlumatına görə, Rusiyanın noyabrın 7-nə keçən gecə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumları Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurub. Paytaxtda elektrik enerjisi ilə yanaşı, su və istilik təchizatında da fasilələr yaranıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə enerji təminatı ilə bağlı vəziyyətin ölkə üzrə ən ağır olduğunu bildirib. Şəhər meri Vitali Kliçko isə mövcud vəziyyəti son dərəcə çətin kimi qiymətləndirib.
Ukraynanın “Suspilne” nəşri yazır ki, noyabrın 7-də Kiyev vilayətinin bəzi ərazilərində elektrik kəsintilərinin gündəlik müddəti 13-17 saata çata bilər.
Paytaxtın bütün küçə və yaşayış binalarının eyni vaxtda tamamilə işıqsız qalması barədə məlumat isə rəsmi təsdiqini tapmayıb. Bununla belə, genişmiqyaslı kəsintilər şəhərin enerji təminatında ciddi problemlər yaratmaqda davam edir.