Kanadada nəhəng süni intellekt mərkəzi gündə 23 atom bombasına bərabər istilik yarada bilər

Kanadanın Alberta əyalətində planlaşdırılan 70 milyard dollarlıq “Wonder Valley” süni intellekt məlumat mərkəzinin gündə 23 Xirosima atom bombasının enerjisinə bərabər istilik buraxa biləcəyi hesablanıb. Alimlər layihənin ətraf mühitə təsirindən narahatdırlar.

60

Kanadada inşası planlaşdırılan nəhəng süni intellekt məlumat mərkəzinin gündə 23 Xirosima atom bombasının enerjisinə bərabər istilik buraxa biləcəyi hesablanıb. Təxminən 70 milyard dollarlıq “Wonder Valley” layihəsi süni intellekt texnologiyalarının artan enerji tələbatı və ətraf mühitə mümkün təsirləri ilə bağlı müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, bu barədə Kanadanın “CBC News” yayım qurumunun noyabrın 1-də yayımladığı araşdırmada məlumat verilib. ABŞ-nin Yuta Dövlət Universitetinin fiziki Robert Devis layihənin mümkün enerji və istilik yükünü qiymətləndirib.

“Wonder Valley” Kanadanın Alberta əyalətində, Qrand-Prairi şəhərinin cənubunda yerləşən Qrinvyu bölgəsində planlaşdırılır. Layihə investor Kevin O’Lirinin dəstəklədiyi O’Leary Digital Limited şirkəti tərəfindən həyata keçirilməlidir.

Alberta hökumətinin rəsmi layihə reyestrinə əsasən, kompleksin tam inkişafı üçün təxminən 70 milyard dollar investisiya nəzərdə tutulur. İlk mərhələdə isə 1,4 giqavatlıq müstəqil enerji sisteminin yaradılması planlaşdırılır.

Layihənin əsas xüsusiyyəti onun elektrik enerjisini böyük ölçüdə öz ərazisində istehsal etməsidir. Bunun üçün təbii qazla işləyən elektrik generatorlarından istifadə edilməsi nəzərdə tutulur.

Devisin ilkin hesablamalarına görə, kompleks tam gücü ilə fəaliyyət göstərərsə, elektrik istehsalı və serverlərin fəaliyyəti nəticəsində ümumi istilik yükü təxminən 16–18 giqavat təşkil edə bilər.

Fizikin fikrincə, bu, bir gün ərzində Xirosimaya atılmış təxminən 23 atom bombasının buraxdığı enerjiyə bərabərdir.

Bir Xirosima tipli atom bombasının enerji buraxılışı təxminən 63 trilyon coul hesablanır. Belə bombalardan 23-nün enerjisi 24 saata bölündükdə orta güc təxminən 16,7 giqavata bərabər olur.

Lakin burada mühüm fərq var: atom bombası enerjini saniyələr ərzində buraxır, məlumat mərkəzi isə istiliyi fasiləsiz və uzun müddət ərzində ətraf mühitə ötürür.

Buna görə də müqayisə nüvə partlayışı və ya radioaktiv şüalanma təhlükəsini deyil, istehsal olunan istilik enerjisinin miqyasını göstərir.

Devisin ilkin hesablamalarına əsasən, kompleks tam güclə işlədiyi təqdirdə ildə təxminən 30 milyon ton karbon qazı (CO₂) emissiyasına səbəb ola bilər. Bu isə Kanadanın illik emissiyalarının 4 faizindən çoxuna bərabərdir.

Fizik belə böyük enerji və istilik mənbəyinin bir ərazidə cəmlənməsinin ətraf mühitə təsirinin ayrıca araşdırılmalı olduğunu bildirib.

Layihənin yerləşəcəyi ərazi ilə tarixi əlaqələri olan Sturgeon Lake Cree Nation yerli icması Alberta hökumətinin layihəni genişmiqyaslı ekoloji təsir qiymətləndirməsindən azad etməsinə məhkəmədə etiraz edib.

Alberta hökuməti isə layihənin mövcud və sınaqdan keçirilmiş enerji və su texnologiyalarından istifadə edəcəyini əsas gətirərək belə qiymətləndirmənin məcburi olmadığını bildirib. Bununla belə, tikinti və fəaliyyət üçün digər ekoloji icazələrin alınması tələb olunur.

“Wonder Valley” hazırda planlaşdırma və icazələrin alınması mərhələsindədir. Şirkətin rəsmi məlumatında elektrik istehsalının mərhələli şəkildə genişləndiriləcəyi bildirilir.

Bununla belə, layihənin yekun enerji gücü ilə bağlı açıqlanan rəqəmlər arasında fərqlər mövcuddur və Devisin hesablamaları hələ faktiki ölçmələr deyil, mümkün tammiqyaslı fəaliyyətə əsaslanan proqnozlardır.

“Wonder Valley” ətrafında müzakirələr süni intellekt infrastrukturunun sürətlə böyüməsinin elektrik enerjisinə tələbat, karbon emissiyaları və ətraf mühit baxımından yeni problemlər yaratdığını gündəmə gətirir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti