Süni intellekt şirkəti “Anthropic” açıqlayıb ki, ilk dəfə olaraq süni intellekt tərəfindən aparılan genişmiqyaslı kiberhücum aşkar edilib. Şirkət hücumun Çin tərəfindən dəstəklənən haker qrupu tərəfindən həyata keçirildiyini və hədəf olaraq dünya miqyasında 30 təşkilatı, o cümlədən texnologiya firmaları, maliyyə institutları, kimya istehsalçıları və dövlət qurumlarını seçdiklərini bildirib.
Hücum “Claude Code” modeli vasitəsilə həyata keçirilib. Hakerlər modeli aldadaraq onu avtonom şəkildə ofansiv əməliyyatlar aparmağa məcbur ediblər. “Anthropic” hücumu “çox yüksək səviyyəli casusluq əməliyyatı” kimi xarakterizə edib və bu hadisəni kiber təhlükəsizlikdə yeni mərhələ hesab edir.
Hakerlər, “Claude Code”-un qoruyucu mexanizmlərini “jailbreak” edərək, zərərli əmrləri adi sorğular kimi gizlədir və süni intellekti legitim kiber təhlükəsizlik testi aparıldığına inandırırlar. Nəticədə süni intellekt dəyərli verilənlər bazalarını müəyyən edir, zəiflikləri istifadə edərək giriş əldə edir, məlumatları çıxarır və arxa qapılar yaradır. Hücumun 80–90%-i süni intellekt tərəfindən həyata keçirilib, yalnız yüksək səviyyəli qərarlar üçün insanlar müdaxilə edib.
“Anthropic” hücumun Çin hökuməti tərəfindən dəstəkləndiyinə yüksək əminliklə inanır, lakin müstəqil agentliklər bunu hələ təsdiqləməyib. Çin səfirliyi isə bu ittihamı “əsassız şayiə” adlandırıb.
Süni intellekt və milli təhlükəsizlik üzrə mütəxəssis Hamza Chaudhry bildirir ki, süni intellektin inkişafı “az təcrübəli hakerlərin belə kompleks casusluq əməliyyatlarını həyata keçirməsinə” imkan yaradır. O həmçinin vurğulayıb ki, süni intellekt yalnız hücum üstünlüyünü artırır və müdafiə sahəsindəki strategiyaları köhnəldir.
“Anthropic” isə hücumun aşkar edilməsi, təsirlənmiş qurumların xəbərdar edilməsi və hesabların bağlanması üzrə addımlar atdığını bildirib.