Böyük Britaniyada 200 mindən çox insan hökuməti ABŞ-ın “Palantir” texnologiya şirkəti ilə dövlət müqavilələrini dayandırmağa çağıran petisiyalara imza atıb.
“The Guardian”ın məlumatına görə, iki petisiyaya ümumilikdə 229 min imza toplanıb. Petisiyalardan biri “Palantir”lə bütün dövlət müqavilələrinin ləğvini, digəri isə şirkətin Britaniyanın Milli Səhiyyə Xidməti — NHS ilə 330 milyon funt sterlinqlik xəstə məlumatları platforması müqaviləsinin dayandırılmasını tələb edir.
Tənqidçilər şirkətin ABŞ-da miqrasiya nəzarəti ilə məşğul olan ICE agentliyi və İsrail ordusu ilə əməkdaşlığına diqqət çəkirlər. Onların fikrincə, bu cür siyasi və hərbi əlaqələri olan şirkətin Britaniya vətəndaşlarının həssas səhiyyə, polis və müdafiə məlumatlarına yaxın buraxılması ciddi etik və məxfilik sualları yaradır. “The Guardian” yazır ki, “Palantir” hazırda Britaniyada ümumi dəyəri yüz milyonlarla funt olan dövlət müqavilələrinə malikdir.
Şirkətin Britaniyadakı rolu son aylarda daha da genişlənib. Məlumata görə, “Palantir” MSS ilə yanaşı, Müdafiə Nazirliyi ilə 240 milyon funt sterlinqlik yeni müqavilə əldə edib. Bundan başqa, London Metropolitan Polisi cinayət araşdırmalarında süni zəka dəstəkli kəşfiyyat analizindən istifadə üçün şirkətlə danışıqlar aparır.
Buna görə, Metropolitan Polisi “Palantir”in süni zəka alətindən daxili pozuntuları aşkar etmək üçün istifadə edib və nəticədə yüzlərlə əməkdaşla bağlı araşdırma başlayıb. Polis rəhbərliyi bu texnologiyanın daxili nəzarət və ictimai etimad üçün vacib olduğunu bildirir, tənqidçilər isə belə alətlərin şəffaflıq, nəzarət və şəxsi məlumatların istifadəsi baxımından ciddi risklər yaratdığını deyirlər.
“Palantir” isə ittihamları rədd edir və texnologiyalarının səhiyyə, ictimai təhlükəsizlik və dövlət idarəçiliyi üçün faydalı olduğunu bildirir. Şirkətin Britaniya rəhbərliyi tənqidlərə qarşı açıq kommunikasiya aparır, hökumət isə MSS müqaviləsinin 2027-ci ildə nəzərdən keçirilə biləcəyini bildirib. Buna baxmayaraq, imzaların sürətlə artması göstərir ki, Britaniyada dövlət məlumatlarının xarici texnologiya şirkətlərinə verilməsi ilə bağlı ictimai narahatlıq güclənir.