İsraildə sorğular Eyzenkotun yüksəlişini göstərir

İsraildə keçirilən son sorğular keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun “Yashar” partiyasının sürətlə gücləndiyini və Netanyahuya əsas rəqiblərdən birinə çevrildiyini göstərir.

8

İsraildə keçirilən son sorğular keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun siyasi reytinqinin sürətlə yüksəldiyini göstərir.

MSNews.az xəbər verir ki, “Srugim” nəşrinin “Israel Hayom” sorğusuna istinadən yaydığı məlumata görə, Eyzenkotun rəhbərlik etdiyi “Yashar” partiyası 20 mandatla ikinci yerə yüksəlib. Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası isə 24 mandatla birinci sırada qalır.

Sorğuya əsasən, Naftali Bennett və Yair Lapidin “Together” bloku 19 mandatla üçüncü yerə düşüb. İsrail mediası bunu müxalifət düşərgəsində liderlik uğrunda rəqabətin kəskinləşməsi kimi qiymətləndirir.

The Times of Israel” yazır ki, digər sorğularda da Eyzenkotun “Yashar” partiyası Bennett-Lapid alyansı ilə bərabərləşib və ya ona çox yaxın nəticə göstərib. “Zman Yisrael” sorğusunda hər iki siyasi qüvvə 21 mandatla göstərilib, “Channel 12” sorğusunda isə “Yashar” və “Together” hər biri 20 mandat toplayıb.

Bununla belə, sorğular Netanyahunun hazırkı sağçı blokunun hökumət qurmaq üçün lazımi çoxluğu əldə etməkdə çətinlik çəkəcəyini göstərir. “The Times of Israel”in məlumatına görə, bəzi ssenarilərdə Netanyahuya qarşı olan sionist müxalifət bloku 59-60 mandat toplasa da, ərəb partiyalarının dəstəyi olmadan 61 mandatlıq çoxluğa çatmaya bilər.

The Jerusalem Post”un yazdığına görə, Eyzenkotun yüksəlişi son həftələrdə davamlı tendensiyaya çevrilib. Nəşr qeyd edir ki, onun partiyası bəzi sorğularda rekord nəticə göstərir və artıq müxalifət daxilində əsas siyasi ağırlıq mərkəzlərindən biri kimi görünür.

Bennett və Lapidin birləşməsi əvvəlcə Netanyahuya qarşı böyük müxalifət bloku yaratmaq cəhdi kimi qiymətləndirilirdi. “The Guardian” daha əvvəl yazmışdı ki, Bennett və Lapid “Together” adlı yeni siyasi birlik yaradaraq Eyzenkotu da bu bloka qoşulmağa dəvət etmişdilər. Lakin son sorğular birləşmənin gözlənilən effekti tam vermədiyini göstərir.

Eyzenkotun şəxsi bioqrafiyası da İsrail siyasətində onun obrazını gücləndirən amillərdən biri kimi göstərilir. “The Jerusalem Post” yazır ki, o, Qəzza müharibəsi zamanı oğlunu və iki qohumunu itirdikdən sonra İsrail cəmiyyətində “sakit, hərbi təcrübəyə malik və məsuliyyətli lider” obrazı ilə daha çox diqqət çəkməyə başlayıb.

Bununla belə, Eyzenkotun növbəti baş nazir olub-olmayacağı hələ açıq sualdır. İsraildə koalisiya sistemi səbəbindən ən çox mandat qazanan partiyanın lideri avtomatik olaraq hökumət başçısı olmur. Buna görə son sorğular onun yüksəlişini göstərsə də, seçkidən sonrakı koalisiya danışıqları həlledici olacaq.