İlham Əliyev yeni dövlət qoruğunun yaradılması barədə sərəncam imzaladı

Prezident İlham Əliyevin sərəncamı ilə Xocavənd rayonunda “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb. Qoruğun idarə olunması Mədəniyyət Nazirliyinə həvalə edilib.

92

Prezident İlham Əliyev Xocavənd rayonunda “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

MSNews.az xəbər verir ki, oktyabrın 21-də imzalanan sərəncama əsasən, Xocavənd rayonu ərazisində yerləşən Azıx və Tağlar mağara düşərgələri dövlət qoruğu elan edilib.

Qoruğun yaradılmasında məqsəd dünyanın ən qədim insan məskənlərindən sayılan bu mağara düşərgələrinin tarixi-mədəni irs kimi qorunmasını, bərpasını və elmi əsaslarla tədqiqini, həmçinin arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğini təmin etməkdir.

Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay müddətində qoruğun əsasnaməsini təsdiqləmək, sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək, ərazinin xüsusi rejimini müəyyən edərək Prezidentə məlumat vermək tapşırılıb.

Hökumət, həmçinin qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməlidir.

Qoruğun idarə olunması Mədəniyyət Nazirliyinə həvalə edilib. Onun fəaliyyətinin təmin olunması üçün tələb olunan xərclər dövlət büdcəsində nazirliyə ayrılmış vəsait hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, Azıx və Tağlar mağara düşərgələri Azərbaycanın qədim insan məskənləri sırasında xüsusi yer tutur. Yeni qoruğun yaradılması bu arxeoloji abidələrin mühafizəsi və elmi tədqiqi üçün hüquqi əsas formalaşdırır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti