İlham Əliyev Xankəndidən xalqa müraciət etdi

Prezident İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət edərək Azərbaycan xalqını Zəfər Gününün 6-cı ildönümü münasibətilə təbrik edib. Dövlət başçısı Böyük Qayıdış və Zəfər Muzeyi barədə mühüm açıqlamalar verib.

31

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoyub və Azərbaycan xalqını tarixi Qələbənin 6-cı ildönümü münasibətilə təbrik edib. Dövlət başçısı Vətən müharibəsindən, Qarabağda aparılan quruculuq işlərindən və Xankəndidə yaradılacaq Zəfər Muzeyindən danışıb.

MSNews.az xəbər verir ki, Prezident çıxışında şəhidlərin xatirəsini ehtiramla anaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın tarixi əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kənd döyüş yolu ilə azad edilib, noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll edib.

“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər”, – deyə Prezident vurğulayıb.

İlham Əliyev 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatına da toxunaraq Azərbaycanın öz ərazisi üzərində nəzarəti tam bərpa etdiyini qeyd edib.

Prezident Böyük Qayıdış proqramı çərçivəsində artıq 97 min insanın işğaldan azad edilmiş ərazilərdə yaşadığını, təhsil aldığını və çalışdığını açıqlayıb. O, Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salındığını, infrastrukturun yenidən qurulduğunu bildirib.

Dövlət başçısı Xankəndidəki Zəfər abidəsinin Azərbaycanda bu məqsədlə ucaldılmış ikinci Zəfər tağı olduğunu qeyd edib. Onun sözlərinə görə, Xankəndidə yeni Zəfər Muzeyinin yaradılması üzrə son tamamlama işləri aparılır. Muzeyin keçmiş icra hakimiyyəti binasında yerləşəcəyi bildirilib.

İlham Əliyev Zəfər tağına aparan pilləkənlərin hər birində Vətən müharibəsinin bir gününün həkk olunduğunu diqqətə çatdırıb və abidənin şəhidlərin xatirəsini yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxışında milli birlik və azərbaycançılıq məfkurəsinə də toxunan Prezident ölkənin gələcək inkişafında bu dəyərlərin qorunmasının vacibliyini qeyd edib.

“Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”, – deyə dövlət başçısı bildirib.

Prezident çıxışını Azərbaycan xalqını və Silahlı Qüvvələri bir daha təbrik edərək başa vurub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti