İlham Əliyev: “Zəngəzur dəhlizindən 15 milyon ton yük keçməlidir”

İlham Əliyev bildirib ki, Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır, dəmir yolu isə 2027-ci ildə Ermənistan sərhədinə çatacaq. Zəngəzur dəhlizinin yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır.

57

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki nəqliyyat infrastrukturunun tikintisinin davam etdiyini və gələcəkdə dəhlizdən ən azı 15 milyon ton yükün daşınmasının hədəfləndiyini bildirib.

MSNews.az xəbər verir ki, dövlət başçısı avqustun 11-də Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində Horadiz–Ağbənd avtomobil yolunun demək olar hazır olduğunu, yalnız bir sıra xırda işlərin qaldığını deyib. Horadiz–Ağbənd dəmir yolunun tikintisi isə sürətlə davam edir.

Prezidentin sözlərinə görə, Azərbaycan tərəfi dəmir yolu layihəsinin icrasını istənilən vaxt sürətləndirə bilər, lakin Ermənistan ərazisində müvafiq hissə hələ hazır olmadığı üçün buna hazırda ehtiyac görülmür.

İlham Əliyev bildirib ki, 2027-ci ildə dəmir yolu Ermənistan sərhədinə çatdırılacaq. Naxçıvanda da dəmir yolu infrastrukturu üzrə işlər aparılır. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində tikintiyə başlayıb, Ordubad və Sədərək rayonlarında mövcud olmayan qısa hissələr yenidən inşa ediləcək.

Hazırda Naxçıvandakı mövcud dəmir yolunun yükaşırma qabiliyyəti təxminən 1,5 milyon ton təşkil edir. Prezident bildirib ki, ilkin mərhələdə bu həcm kifayət edə bilər, lakin əsas hədəf Zəngəzur dəhlizi və Şərq-Qərb nəqliyyat marşrutunun bu qolundan ən azı 15 milyon ton yükün keçməsini təmin etməkdir.

Bunun üçün mövcud dəmir yolu yenidən qurulmalı və reabilitasiya edilməlidir.

“Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır”, – Prezident vurğulayıb.

Yeni texniki-iqtisadi əsaslandırmaya görə, Naxçıvan ərazisində dəmir yolu xəttinin uzunluğu 194 kilometr olacaq. Prezident izah edib ki, əvvəlki marşrutun olduğu kimi bərpası 15 milyon tonluq yükaşırma imkanını təmin etmədiyindən yeni xətt daha uzun layihələndirilib.

İlham Əliyev həmçinin Avropa İttifaqı və bir sıra digər beynəlxalq tərəflərin Naxçıvan dəmir yolu layihəsinə maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Naxçıvan hissəsinin reabilitasiyası üçün Azərbaycanın nəzarət paketinə sahib olacağı beynəlxalq konsorsiumun yaradılması da mümkündür.

Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanı həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qovşaqlarından birinə çevirə bilər. Dəhlizin istifadəyə verilməsindən sonra Naxçıvan üzərindən Azərbaycandan İrana ikinci dəmir yolu bağlantısının da yaranması nəzərdə tutulur.