Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun mayın 6-da Fransa Senatında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. XİN-in mətbuat katibi Ayxan Hacızadə açıqlamasında Fransa nazirinin Azərbaycan əleyhinə iddialarının qətiyyətlə rədd edildiyini qeyd edib.
Nazirliyin bəyanatında bildirilib ki, Fransa rəsmisinin Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi qəbuledilməzdir. XİN bu cür yanaşmanın Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyduğunu və regionda formalaşan sülh gündəliyinə zərər verdiyini vurğulayıb.
Açıqlamada Fransa tərəfinin mədəni və dini irsin qorunması ilə bağlı iddiaları da tənqid edilib. XİN qeyd edib ki, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunəsinin dağıdılması faktına göz yumulduğu halda, işğal dövründən qalan bəzi tikililərlə bağlı Azərbaycana irad bildirilməsi ikili yanaşmanın nümunəsidir.
Nazirlik həmçinin bildirib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələr mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq milli-mədəni irs kimi qorunur. XİN-in mövqeyinə görə, Fransanın UNESCO qiymətləndirmə missiyası ilə bağlı çağırışları da reallığın təhrifidir; Azərbaycan bu cür missiyaların həyata keçirilməsinə dəfələrlə çağırış edib, lakin prosesin reallaşmasına Ermənistan və Fransa kimi ölkələrin maneələri əngəl yaradıb.
Ayxan Hacızadə sonda vurğulayıb ki, Fransa nazirinin bu tip açıqlamaları regionda dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmir.