İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

Prezident İlham Əliyev Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa və inşa edilən “Yasəmən” hotelinin dörd yeni korpusunda yaradılmış şəraitlə tanış olub.

9

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpuslarında yaradılan şəraitlə tanış olub.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən bərpa və tikinti işləri barədə məlumat verib.

“Yasəmən” hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Həmin vaxtdan hotelin bərpa olunmuş iki korpusu qonaqları qəbul edir. Hazırda kompleksin yeni korpusları olan daha dörd binada bərpa və tikinti işləri aparılıb.

XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinin üslubunda inşa edilən tarixi bina Şuşanın işğalı dövründə dağıdılmışdı. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə zamanı hotelin eksteryeri və interyeri onun orijinal görünüşünə, eləcə də Şuşanın tarixi memarlıq üslubuna uyğun şəkildə bərpa edilib.

Yeni korpusların layihələndirilməsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülüb. Butik konsepsiyalı binalarda aynabəndlər və terras zonaları yaradılıb. Qapı və pəncərələr bərpadan əvvəl çəkilmiş arxiv fotoşəkilləri əsasında orijinal memarlıq üslubuna uyğun yenidən hazırlanıb.

Kompleksin həyətyanı sahəsində də abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Yeni korpusların istifadəyə verilməsi Şuşanın turizm və qonaqpərvərlik imkanlarının genişləndirilməsinə, şəhərin tarixi memarlıq irsinin qorunmasına xidmət edir.