Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək layihənin ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, bərpaolunan enerji potensialının genişləndirilməsi və yaşıl enerji strategiyasının həyata keçirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Açılış mərasimində həmçinin Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey və “ACWA Power” şirkətinin təsisçisi və icraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər. Çıxışlarda layihənin beynəlxalq əməkdaşlıq baxımından önəmi, Azərbaycanın regionda bərpaolunan enerji sahəsində mərkəzə çevrilməsi perspektivləri və investisiya mühitinin cəlbediciliyi xüsusi qeyd olunub.
Daha sonra “Xızı–Abşeron” Külək Elektrik Stansiyası layihəsinə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. Ardınca Prezident İlham Əliyev və “ACWA Power” şirkətinin təsisçisi və icraçı direktoru Məhəmməd Əbunəyyan 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasını rəsmi olaraq işə salıblar. Tədbir birgə foto çəkilişi ilə yekunlaşıb.










