Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Azərbaycan və Mərkəzi Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşündə iştirak edəcək.
MSNews.az xəbər verir ki, tədbir iyulun 30-dan avqustun 1-dək İssık-Kul vilayətində keçiriləcək. Görüşdə Qırğızıstan Prezidenti Sadır Japarov, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı nəzərdə tutulub. Bu barədə “Kabar” agentliyi Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Liderlərin ticarət, energetika və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, eləcə də mədəni-humanitar əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəkləri bildirilir.
Görüş iştirakçıları, həmçinin regional təhlükəsizliyin aktual məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.
Prezident İlham Əliyev iyulun 30-da dövlət səfəri çərçivəsində Qırğızıstana gəlib. “AZƏRTAC” dövlət başçısının Çolpon-Atada qarşılandığını bildirib.
Azərbaycan 2025-ci ilin noyabrında Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub. İlham Əliyev bundan əvvəl 2023-cü ildə Düşənbədə, 2024-cü ildə isə Astanada keçirilən toplantılarda iştirak etmişdi.