Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirib.
MSNews.az xəbər verir ki, Hikmət Hacıyev təşəbbüsün dünya təcrübəsi və elmi araşdırmalar əsasında hazırlandığını deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrin müsbət imkanları danılmaz olsa da, həmin platformaların uşaqların psixoloji və sosial inkişafına mümkün təsirləri tam araşdırılmadan azyaşlıların onlardan geniş istifadəsinə şərait yaranıb.
Hikmət Hacıyev qanunvericilik təşəbbüsünün Milli Məclisdə üçüncü oxunuşdan keçdiyini və tətbiqdən əvvəl bir illik keçid dövrünün nəzərdə tutulduğunu bildirib. Bu müddət ərzində texniki mexanizmlərin hazırlanması, platformaların yeni tələblərə uyğunlaşması və ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi gözlənilir.
Prezidentin köməkçisi yaşın müəyyənləşdirilməsi və istifadəçilərə texniki nəzarətin həyata keçirilməsi ilə bağlı tam həllini tapmayan məsələlərin qaldığını da etiraf edib.
“Qanunun icrası yalnız hökumətin səyləri ilə mümkün deyil. Bu prosesdə valideynlər, müəllimlər, bloqerlər və sosial media platformaları da fəal iştirak etməlidirlər”, – deyə Hikmət Hacıyev vurğulayıb.
“Operativ Media” onun sözlərinə istinadən yazır ki, yaşın yoxlanılması və texniki nəzarət mexanizmləri ilə bağlı suallara dövlətlə yanaşı, cəmiyyətin digər üzvlərinin də iştirakı ilə cavab tapılmalıdır. (Operativ Media)
Hikmət Hacıyev prosesin sadə olmadığını, məhdudiyyətin effektiv tətbiqi üçün hökumət, ailələr, təhsil işçiləri və texnologiya şirkətləri arasında koordinasiyanın vacibliyini qeyd edib.
Qanunun konkret olaraq hansı sosial media platformalarını əhatə edəcəyi, yaşın hansı texniki üsulla yoxlanılacağı və qaydaları pozan platformalara hansı məsuliyyət tədbirlərinin tətbiq ediləcəyi barədə bütün detallar hələ açıqlanmayıb.