İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə 1,2 milyard dollardan çox layihə portfeli və Bakıda keçiriləcək illik toplantılar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla bank arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. 

Söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, onun Azərbaycana səfərlərinin qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib. Tərəflər Azərbaycanla İslam İnkişaf Bankı arasında iqtisadiyyatın müxtəlif sahələrində qurulmuş tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüşdə bildirilib ki, İslam İnkişaf Bankı Azərbaycanda enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələrin həyata keçirilməsində iştirak edib. Ümumilikdə, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.

Tərəflər həmçinin bu ilin iyununda Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına hazırlıq məsələlərini müzakirə ediblər. Daha əvvəl yayılan məlumata görə, toplantılar 16–19 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcək və əsas mövzu “Davamlı rifah üçün regional inteqrasiya” olacaq.

Məhəmməd Əl-Casir səfər çərçivəsində Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib. IsDB sədrinin Azərbaycana 4–8 may tarixlərində rəsmi səfəri çərçivəsində strateji inkişaf məkanlarına səfərlərin və yüksək səviyyəli görüşlərin nəzərdə tutulduğu qeyd olunub.

Görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.