“Claude” süni intellektindən uyğurların izlənməsi və Suriyada gizli cəlbetmə cəhdləri üçün istifadə olunub

“Anthropic” şirkəti Çinlə əlaqəli bir əməliyyatda “Claude” modelindən uyğurların izlənməsi, şəxsi profillərinin hazırlanması və Suriyada əməkdaşlığa cəlb edilməsi cəhdləri üçün istifadə olunduğunu açıqlayıb. Şirkət əməliyyatla bağlı hesabları bloklayıb.

25

“Anthropic” şirkəti Çin dövlət təhlükəsizliyi qurumlarının maraqları ilə əlaqəli olduğunu qiymətləndirdiyi bir əməliyyatda “Claude” süni intellekt modelindən uyğurların izlənməsi və Suriyada müəyyən şəxslərin əməkdaşlığa cəlb edilməsi cəhdləri üçün istifadə olunduğunu açıqlayıb. Şirkətin məlumatına görə, əməliyyat çərçivəsində uyğur diasporunun üzvləri haqqında ətraflı profillər hazırlanıb.

MSNews.az xəbər verir ki, bu barədə “Anthropic”in sentyabr ayında dərc etdiyi təhlükə kəşfiyyatı hesabatında  məlumat verilib. Şirkət əməliyyatı Çin dövlət təhlükəsizliyinin məlumat toplama prioritetlərinə uyğun fəaliyyət kimi qiymətləndirir. Bununla belə, onun birbaşa dövlət qurumu tərəfindən, yoxsa dövlət adından çalışan podratçı tərəfindən aparıldığını qəti müəyyənləşdirməyib.

Hesabata əsasən, əməliyyatçı 100-dən çox “WhatsApp” qrupu və onlarla “Telegram” kanalından toplanmış yazışmaları “Claude” vasitəsilə təhlil edərək şəxslər haqqında çin dilində məlumat bazası hazırlayıb. Profillərdə maliyyə çətinlikləri, ailədən ayrı düşmə və Sincanda qohumların yaşaması kimi amillərə xüsusi diqqət yetirilib.

Əməliyyatın digər istiqaməti Suriyada uyğur silahlı birləşmələri ilə əlaqəsi ola biləcək şəxslərin əməkdaşlığa cəlb edilməsi olub. “Anthropic” bildirir ki, ərəb dilini bilməyən əməliyyatçı “Claude”dan yerli dialektdə mesajlar hazırlamaq, cavabları tərcümə etmək və yazışmaları davam etdirmək üçün istifadə edib. Bəzi şəxslərə silahlı birləşmələr haqqında məlumat vermələri müqabilində ödəniş təklif edilib. Şirkət bu cəhdlərin nəticəsində kiminsə həqiqətən əməkdaşlığa cəlb edilib-edilmədiyini müəyyənləşdirməyib.

Hesabatda İdlib vilayətində yaşayan mülki şəxslərin yerlərinin müəyyənləşdirilməsi, həmçinin uyğur diasporunun jurnalistlərinin izlənməsi də təsvir olunur. “Anthropic”in məlumatına görə, əməliyyatçı “Uyghur Post” nəşrinə qarşı koordinasiyalı şikayətlər və bot hesabları vasitəsilə nüfuzdan salma kampaniyası planlaşdırıb. Bu planın bütün mərhələlərinin həyata keçirildiyi təsdiqlənməyib.

“Anthropic” bəzi gizli sorğu-sual və saxta profillərin kütləvi yaradılması tələblərinin “Claude” tərəfindən rədd edildiyini bildirib. Şirkət aşkar etdiyi fəaliyyətlə əlaqəli hesabları blokladığını və oxşar sui-istifadə hallarını müəyyənləşdirmək üçün əlavə tədbirlər gördüyünü açıqlayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.