Çinin Quançjou şəhərində 56 yaşlı kişi başqalarının əvəzinə mübahisə etməklə pul qazanmağın qeyri-adi yolunu tapıb. O, küçədə “Sizin əvəzinizə mübahisə edərəm” yazılmış plakatla dayanaraq sosial şəbəkələrdə gündəm olub.
MSNews.az xəbər verir ki, bu barədə Çinin “Jimu News” nəşri məlumat yayıb. Konq soyadlı kişi müştərilərinə yalnız mübahisə etmək deyil, həm də onların əvəzinə münasibətləri bitirmək və ya barışığa nail olmaq xidmətləri təklif edir.
Onun sözlərinə görə, xidmətlər həm onlayn, həm də üzbəüz göstərilir. Onlayn mübahisənin qiyməti 50 yuan, Quançjouda yerində xidmətin qiyməti isə 188 yuandır. Üstəlik, xidmətə vaxt məhdudiyyəti qoyulmur.
Maraqlıdır ki, jurnalistlər bu xidməti sınaqdan da keçiriblər. Müştəri kimi müraciət edən jurnalist 50 yuan ödəyərək kişinin telefonla mübahisə etməsini istəyib. Lakin 11 dəqiqəlik danışıq zamanı heç bir ciddi mübahisə yaşanmayıb. Kişi qarşı tərəflə sakit və nəzakətli şəkildə danışıb, daha sonra isə jurnalistə mübahisəni qazandığını bildirib.
Kişi əsas məqsədinin insanlara problemlərini həll etməkdə kömək göstərmək olduğunu deyib. O, təhqir, zorakılıq və qanunsuz borc yığımı ilə bağlı sifarişləri qəbul etmədiyini də vurğulayıb.
Hadisə Çin sosial şəbəkələrində müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər xidmətdən yararlanmaq istədiklərini bildiriblər, digərləri isə kişinin həddindən artıq mehriban göründüyünü və “mübahisədə mütləq uduzacağını” zarafatla qeyd ediblər.