Çində böyük kadr təmizləməsi: 33 məmur partiyadan xaric edildi

Çin Kommunist Partiyasının Pekində keçirilən beşinci plenumunda 33 yüksəkvəzifəli şəxs partiyadan xaric edilib. Qərar hərbi rəhbərliyə də ciddi təsir göstərib. Ekspertlər prosesləri Si Cinpinin 2027-ci il partiya qurultayı ərəfəsində hakimiyyətini möhkəmləndirməsi ilə əlaqələndirirlər.

63

Çində hakim Kommunist Partiyasının rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Pekində keçirilən beşinci plenumun yekunlarına əsasən, 33 yüksəkvəzifəli şəxs partiya sıralarından xaric edilib. Qərarlar xüsusilə ölkənin ali hərbi rəhbərliyinə ciddi təsir göstərib.

MSNews.az xəbər verir ki, bu barədə Çinin dövlət agentliyi “Sinxua”nın dərc etdiyi rəsmi kommünikedə məlumat verilib. Plenum oktyabrın 26–29-da keçirilib. Qərarları “Reuters” və BBC də işıqlandırıb.

Rəsmi məlumata görə, partiyadan xaric edilənlər arasında keçmiş Siyasi Büro üzvü Ma Sinqrui, Mərkəzi Hərbi Şuranın sabiq sədr müavini Çjan Yusya, yüksəkvəzifəli hərbçi Lyu Çjenli və sabiq diplomat Lyu Tszyançao da var.

Siyahıya keçmiş sənaye naziri Cin Çjuanlun və maliyyə bazarlarına nəzarət qurumunun sabiq rəhbəri Yi Huyman da daxil edilib.

Partiyadan xaric edilən 33 nəfərdən 16-sı hərbi rəhbərliklə əlaqəlidir.

Rəsmi sənəddə qərarlar ciddi intizam və qanun pozuntuları ilə əsaslandırılır. Lakin hər bir şəxs barəsində irəli sürülən konkret ittihamların detalları açıqlanmayıb.

Kadr dəyişiklikləri nəticəsində əvvəllər yeddi üzvdən ibarət olan Mərkəzi Hərbi Şuranın rəhbərliyində hazırda yalnız iki nəfər qalıb: Çin lideri Si Cinpin və general Çjan Şenmin.

General Çjan Şenmin plenumun qərarı ilə Kommunist Partiyasının Siyasi Bürosuna da seçilib.

Bu dəyişikliklər Çinin silahlı qüvvələrinin ali idarəetmə strukturunda son illərin ən böyük yenidənqurmalarından biri kimi qiymətləndirilir.

Beşinci plenumda Mərkəzi Komitənin 162 tamhüquqlu və 117 namizəd üzvü iştirak edib.

BBC-nin məlumatına görə, bu, əvvəlki iclaslarla müqayisədə nəzərəçarpan azalmadır. Ekspertlər iştirakçı sayının aşağı düşməsini partiya daxilində aparılan geniş kadr dəyişiklikləri ilə əlaqələndirirlər.

Çin hakimiyyəti kadr dəyişikliklərini korrupsiya və partiya intizamının pozulması ilə mübarizə çərçivəsində izah edir.

Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra genişmiqyaslı antikorrupsiya kampaniyasına başlayıb. Bu müddətdə həm mülki idarəetmə orqanlarında, həm də orduda çoxsaylı yüksəkvəzifəli şəxslər vəzifələrindən uzaqlaşdırılıb.

Çinin Mərkəzi İntizam Təftiş Komissiyasının məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında 680 min nəfər barəsində intizam tədbiri görülüb. Onların 105-i əyalət və nazirlik səviyyəsində, yaxud daha yüksək vəzifələrdə çalışan şəxslər olub.

BBC-nin istinad etdiyi ekspertlər hesab edirlər ki, antikorrupsiya kampaniyası təkcə qanun pozuntularının qarşısını almağa deyil, həm də siyasi sədaqətin təmin edilməsinə xidmət edir.

Onların fikrincə, yüksəkvəzifəli şəxslərin uzaqlaşdırılması Si Cinpinin partiya və ordu üzərində nəzarətini gücləndirir.

Çin Kommunist Partiyasının növbəti, XXI qurultayı 2027-ci ilin ikinci yarısında keçiriləcək.

Beynəlxalq müşahidəçilər Si Cinpinin həmin qurultayda partiya rəhbəri kimi dördüncü beşillik müddətə seçilməyə çalışacağını gözləyirlər. Lakin bununla bağlı yekun qərar hələ verilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti