Tramp Tayvan çip şirkətlərinin ABŞ-a köçməsini istəyir

Donald Tramp Tayvandakı çip istehsalçılarının ABŞ-a köçməsini istədiyini bildirib və qlobal yarımkeçirici bazarının 40-50 faizinin ABŞ-da cəmlənəcəyini gözlədiyini deyib.

ABŞ Prezidenti Donald Tramp Tayvandakı yarımkeçirici istehsalçılarının ABŞ-a köçməsinin tərəfdarı olduğunu bildirib. “Fox News”-a müsahibəsindən sonra yayılan məlumatlara görə, Tramp Tayvan ətrafında vəziyyətin gərgin olduğunu deyərək çip şirkətlərinin Amerika ərazisində, xüsusilə Arizona və digər ştatlarda zavodlar qurmasını “ən düzgün seçim” adlandırıb. 

Tramp bildirib ki, prezidentlik müddətinin sonuna qədər qlobal yarımkeçirici sənayesinin 40-50 faizinin ABŞ-da cəmlənməsini gözləyir. Onun sözlərinə görə, Tayvandan ABŞ-a gələn çip şirkətlərinin sayı artıq artır və Vaşinqton bu sahədə daha böyük paya sahib olmalıdır.

MSNews.az xəbəri “Seoul Economic Daily” nəşrinə istinadən təqdim edir.

ABŞ lideri Tayvan məsələsinə də toxunaraq status-kvonun qorunmasını istədiyini deyib. Tramp Tayvanın rəsmi şəkildə müstəqillik elan etməsinə qarşı olduğunu işarə edərək bildirib ki, ABŞ mümkün müharibə üçün minlərlə kilometr məsafə qət etmək istəmir. O, həm Tayvanın, həm də Çinin “sakitləşməli” olduğunu vurğulayıb.

Bu açıqlamalar Trampın Çin lideri Si Tsinpinlə Pekində keçirdiyi görüşdən sonra səslənib. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si görüşdə Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində “ən vacib məsələ” olduğunu bildirib və bu mövzunun düzgün idarə olunmamasının iki ölkə arasında toqquşma və hətta münaqişə riski yarada biləcəyini deyib.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adaya nəzarəti ələ keçirmək üçün güc tətbiqini istisna etmir. ABŞ isə Tayvanı müdafiə vasitələri ilə təmin etməyə dair qanuni öhdəlik daşıyır. Bu səbəbdən Tayvan həm təhlükəsizlik, həm də qlobal texnologiya təchizatı baxımından ABŞ-Çin münasibətlərinin ən həssas mövzularından biri olaraq qalır.

Tayvan tərəfi isə daha əvvəl çip istehsal gücünün böyük hissəsinin ABŞ-a köçürülməsi ideyasını real hesab etmədiyini açıqlamışdı. “Reuters” yazır ki, Tayvanın vitse-premyeri Çen Li-çün yarımkeçirici ekosisteminin onilliklər ərzində qurulduğunu və onun ABŞ-a köçürülməsinin “mümkünsüz” olduğunu bildirib. Bununla belə, Tayvan ABŞ-da investisiyaları artırmağa hazır olduğunu, lakin əsas istehsal bazasının Tayvanda qalacağını vurğulayıb.