Pentaqon UFO-larla bağlı yeni məxfi sənədləri və videogörüntüləri açıqladı

Pentaqon UFO-larla bağlı arxiv materiallarının altıncı paketini yayımlayıb. Sənədlər arasında saatda 805 kilometr sürətlə hərəkət etdiyi bildirilən naməlum obyektin görüntüləri də var.

12

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UFO) bağlı arxiv sənədlərinin və videogörüntülərin altıncı paketini ictimaiyyətə təqdim edib. Açıqlanan materiallar arasında saatda 805 kilometrədək sürətlə hərəkət etdiyi bildirilən ağ, kürə formasında naməlum obyektin görüntüləri də yer alıb.

MSNews.az xəbər verir ki, Pentaqon sentyabrın 18-də yayımladığı açıqlamada sənədlərin naməlum anomal hadisələrə (UAP) dair məlumatların ictimaiyyətə açıqlanmasını nəzərdə tutan PURSUE təşəbbüsü çərçivəsində dərc edildiyini bildirib.

“CBS News”  telekanalının məlumatına görə, yeni paketə 71 fayl, o cümlədən 55 sənəd, 15 video və bir səs yazısı daxildir. Materiallar arasında ABŞ Hərbi Hava Qüvvələrinin 1952–1969-cu illərdə UFO-larla bağlı məlumatları araşdırdığı məşhur “Project Blue Book” layihəsinin arxiv sənədləri də var.

Diqqətçəkən materiallardan biri Yaxın Şərqdə qeydə alınmış, təxminən beş dəqiqə davam edən infraqırmızı videogörüntüdür. Onu müşayiət edən hərbi hesabatda ağ, kürə formasında obyektin saatda 500 mil, yəni təxminən 805 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

Bununla belə, obyektin dəqiq sürəti və mənşəyi müstəqil şəkildə təsdiqlənməyib. Görüntünün qeydiyyat tarixi ilə bağlı yayımlanan sənədlərdə də uyğunsuzluq mövcuddur.

Yeni paketə Yaxın Şərqdə və Sarı dənizdə amerikalı hərbçilərin müşahidə etdiyi naməlum obyektlərin videogörüntüləri də əlavə olunub.

Bundan başqa, Kolorado ştatında yerli hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən çəkilmiş görüntülər açıqlanıb. Polis əməkdaşı müşahidə etdiyi obyekti qırmızı, mavi və yaşıl işıqlar saçan, səssiz hərəkət edən naməlum cisim kimi təsvir edib.

Pentaqon daha əvvəl fəaliyyətdə olan və ehtiyatda olan hərbçilərə, mülki əməkdaşlara və podratçılara UFO-larla bağlı məlumatları PURSUE təşəbbüsünün səlahiyyətli nümayəndələrinə ötürməyə icazə verib.

Nazirlik naməlum anomal hadisələrə dair əlavə sənədlərin mərhələli şəkildə ictimaiyyətə açıqlanacağını bildirib.

Qeyd edək ki, açıqlanan görüntülərdəki obyektlərin hələlik müəyyənləşdirilməməsi onların yadplanetli mənşəli olduğunu təsdiqləmir. Pentaqonun müvafiq araşdırma idarəsi bildirir ki, bəzi hadisələrin izah edilməməsinə səbəb obyektlərin mənşəyini müəyyənləşdirmək üçün kifayət qədər məlumatın olmamasıdır.