İran Küveyt və İordaniyaya zərbələr endirdi

ABŞ-ın İrana yeni zərbələrindən sonra Tehran Küveyt, Bəhreyn, Qətər və İordaniya istiqamətində raket və dron hücumları həyata keçirib. Küveyt raket və PUA-ları vurduğunu, İordaniya isə İran tərəfindən buraxılan raketləri zərərsizləşdirdiyini açıqlayıb.

9

İran ABŞ-ın yeni hava zərbələrindən sonra Körfəz ölkələri və İordaniya istiqamətində raket və pilotsuz uçuş aparatları ilə cavab hücumları həyata keçirib.

MSNews.az xəbər verir ki, “Reuters” İran silahlı qüvvələrinin ABŞ-ın Körfəz ölkələrindəki hərbi infrastrukturunu hədəfə aldığını yazıb. Agentliyin məlumatına görə, İran dövlət mediası hücumların ABŞ-ın İranın cənub və şərq əyalətlərinə endirdiyi zərbələrdən sonra həyata keçirildiyini bildirib.

İran ordusu dövlət mediası vasitəsilə yaydığı açıqlamada Küveytdə ABŞ-a məxsus “Patriot” sistemlərini, Qətərdə erkən xəbərdarlıq obyektini və Bəhreyndə ABŞ ordusuna aid yanacaq anbarını hədəfə aldığını bildirib. “Reuters” qeyd edir ki, bu iddialar İran tərəfinin bəyanatına əsaslanır.

Küveyt ordusu hava məkanında bir qanadlı raket, üç ballistik raket və 10 pilotsuz uçuş aparatı ilə mübarizə aparıldığını açıqlayıb. “Associated Press” yazır ki, Küveytdə qəlpələrin düşməsi nəticəsində bir nəfər yaralanıb.

İordaniyada da hava həyəcanı siqnalları işə düşüb. “Reuters” və İordaniya dövlət agentliyinə istinad edən “Times of Israel” bildirir ki, İran tərəfindən buraxılan 8 raket zərərsizləşdirilib, ölən, yaralanan və dağıntı qeydə alınmayıb.

İran İnqilab Keşikçiləri Korpusu isə daha sonra İordaniyanın Azraq bölgəsində yerləşən və ABŞ qüvvələri tərəfindən də istifadə olunan “Muwaffaq Salti” aviabazasına 10 ballistik raket atdığını bəyan edib. “The Guardian” yazır ki, İordaniya tərəfi raketlərin qarşısının alındığını və zərər olmadığını bildirib.

Ərəb mediasında İordaniyada sənaye kompleksinin İran raketləri ilə vurulması barədə məlumatlar da yayılıb. Lakin bu iddia hazırda aparıcı beynəlxalq agentliklər və İordaniyanın rəsmi mənbələri tərəfindən təsdiqlənmir. Təsdiqlənmiş məlumat İordaniyada hava məkanının pozulması, sirenaların işə düşməsi və raketlərin zərərsizləşdirilməsi ilə bağlıdır.

İraq istiqamətində də gərginlik müşahidə olunur. “Jerusalem Post” “Reuters”ə istinadən yazır ki, Ərbilin şimal-şərqində İran kürd müxalifətinə məxsus düşərgə dron hücumuna məruz qalıb və ilkin məlumata görə, itki yoxdur. Bununla belə, Bağdad və Ərbildə ABŞ bazalarına İran tərəfindən birbaşa hücum edilməsi barədə məlumatlar hələlik aparıcı agentliklər tərəfindən təsdiqlənmiş fakt kimi təqdim olunmur.

ABŞ tərəfi isə yeni zərbələri Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə əsaslandırır. “Associated Press” ABŞ Mərkəzi Komandanlığına istinadən yazır ki, Amerika qüvvələri İran ərazisində təxminən 90 hədəfi vurub. Vaşinqtonun açıqlamasına görə, məqsəd İranın Hörmüz boğazında sərbəst gəmiçiliyi təhdid etmək imkanlarını zəiflətməkdir.