Çində canlı balıqları təqlid edən robot balıqlar hazırlanıb

Pekin Universitetinin mühəndisləri real balıqların üzmə və ətraf mühiti hiss etmə mexanizmlərini təqlid edən biomimetik robot balıqlar üzərində yeni nəticələr əldə ediblər. Qurğular su monitorinqi, sualtı infrastrukturun yoxlanılması və kollektiv əməliyyatlarda istifadə oluna bilər.

80

Çində mühəndislər real balıqların üzmə hərəkətlərini və sualtı mühiti hiss etmə qabiliyyətlərini təqlid edən yeni nəsil robot balıqlar hazırlayırlar. Texnologiyanın əsas məqsədlərindən biri robotların təbii su mühitində daha az müdaxilə ilə hərəkət etməsini və çətin ərazilərdə monitorinq aparmasını təmin etməkdir.

MSNews.az xəbər verir ki, Pekin Universitetinin Qabaqcıl İstehsal və Robototexnika Məktəbinin professoru Quanqminq Sienin rəhbərlik etdiyi komanda biomimetik robot balıqlar üzərində 20 ildən artıqdır işləyir. Çinin “CNR” portalının “Beijing Daily”yə istinadən yaydığı məlumata görə, tədqiqatçılar son olaraq robotların mürəkkəb sualtı şəraitdə daha dəqiq mövqe və ətraf mühit məlumatı əldə etməsinə imkan verən texnologiya hazırlayıblar.

Adi balıqlar suda yalnız görmə qabiliyyətindən istifadə etmir. Onların bədənindəki yan xətt sistemi su axınındakı kiçik dəyişiklikləri hiss edərək yaxınlıqdakı maneələri və digər canlıları müəyyən etməyə kömək edir. Pekinli alimlər robot balıqların gövdəsinə oxşar sensor sistemi yerləşdiriblər. Sınaqlarda robotun təxminən 1,7 metr radiusda mövqeyini və hərəkət vəziyyətini yüksək dəqiqliklə müəyyən edə bildiyi bildirilib.

Robotların hərəkəti də ənənəvi sualtı aparatlarından fərqlənir. Pərli mühərriklər əvəzinə balıqların bədən və quyruq hərəkətlərini təqlid edən sistemlərdən istifadə olunur. Biomimetik sualtı robotlar üzrə elmi araşdırmalar bu tip hərəkətin səs-küyü və su axınındakı pozuntuları azaltmağa imkan verdiyini göstərir. “Ocean Engineering” jurnalında dərc edilmiş araşdırmada da balığabənzər dalğavari hərəkətin aşağı səs-küy və daha az su turbulentliyi baxımından üstünlükləri qeyd olunur.

Pekin Universitetinin “Intelligent Biomimetic Design Lab” laboratoriyası tərəfindən hazırlanan biomimetik koi modeli baş, gövdə və quyruq hissələrindən ibarətdir. Gövdədə üç hərəkətli birləşmə, idarəetmə sistemi, batareya, rabitə modulu və döş üzgəcləri yerləşdirilib. Xarici hissə isə su keçirməyən elastik örtüklə qorunur.

Tədqiqatçılar robotların gələcəkdə kameralar və mexaniki manipulyatorlarla təchiz edilərək insanların daxil ola bilmədiyi sualtı ərazilərdə işləyə biləcəyini bildirirlər. Potensial tətbiqlər sırasında su ehtiyatlarının öyrənilməsi, suyun keyfiyyətinin monitorinqi, sualtı infrastruktura texniki baxış, məlumatların toplanması və müxtəlif obyektlərin götürülməsi göstərilir. Komandanın fikrincə, kifayət qədər təbii görünən və hərəkət edən robot balıqlar hətta canlı balıq sürüsünə qarışaraq onların müəyyən istiqamətə yönəldilməsində istifadə oluna bilər.

Robotların kollektiv fəaliyyəti də ayrıca tədqiqat istiqamətidir. 2026-cı ilin yanvarında “Science Advances” jurnalında dərc olunan Pekin Universitetinin araşdırmasında özünü yenidən konfiqurasiya edə bilən robot balıq sürüsü təqdim edilib. Ayrı-ayrı robotlar birləşərək və ayrılaraq müxtəlif formalarda hərəkət edə, mürəkkəb sualtı tapşırıqları birlikdə yerinə yetirə bilirlər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.