BMT-də ABŞ və Kuba nümayəndələri arasında qalmaqal

BMT Baş Assambleyasında ABŞ-ın daimi nümayəndəsi Mayk Uoltsla Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya arasında kəskin mübahisə yaşanıb. Qarşıdurma səbəbindən iclas müvəqqəti dayandırılıb.

57

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında ABŞ və Kuba nümayəndələri arasında kəskin qarşıdurma yaşanıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uoltsla Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya arasında yaranan mübahisə səbəbindən iclas bir neçə dəqiqəlik dayandırılıb.

MSNews.az xəbər verir ki, hadisə oktyabrın 27-də BMT Baş Assambleyasında ABŞ-ın Kubaya qarşı uzun illərdir tətbiq etdiyi iqtisadi embarqonun ləğvinə dair qətnamə layihəsinin müzakirəsi zamanı baş verib.

Mübahisə Mayk Uoltsun tribunadan çıxış edərək Kuba hökumətinin iqtisadi siyasətini sərt tənqid etməsi ilə başlayıb.

Amerikalı diplomat Havana rəhbərliyini ölkənin iqtisadi resurslarını və müsadirə edilmiş əmlakları hakimiyyətə yaxın şəxslərin maraqları üçün istifadə etməkdə ittiham edib.

Bu açıqlamalara etiraz edən Kuba nümayəndə heyətinin üzvləri masalara vuraraq söz tələb ediblər.

Ardınca xarici işlər naziri Bruno Rodriges Parrilya tribunaya yaxınlaşaraq iclasın prosedur qaydalarının pozulduğunu bildirib və Uoltsu yalan danışmaqda ittiham edib.

“ABŞ nümayəndəsi nəinki açıq-aşkar yalan danışır, həm də bu forumun və üzv dövlətlərin ləyaqətinə yaraşmayan şəkildə davranır”, – deyə Kuba XİN rəhbəri bildirib.

Kuba nazirinin tribunaya yaxınlaşması ABŞ nümayəndəsinin sərt reaksiyasına səbəb olub.

“Geri çəkilin! Bu, Birləşmiş Millətlər Təşkilatıdır. Bura sizin kommunist diktaturanız deyil. Siz məni susdura bilməzsiniz”, – deyə Mayk Uolts etirazını bildirib.

O, Kuba nümayəndələrinin davranışını təzyiq cəhdi kimi qiymətləndirib.

Qarşıdurma böyüdükdən sonra Baş Assambleyanın sədri Xəlilur Rəhman iclası müvəqqəti dayandırmalı olub. Fasilədən sonra tərəflərin çıxışları davam etdirilib.

Mübahisə Vaşinqtonun Kubaya qarşı onilliklərdir tətbiq etdiyi ticarət və maliyyə məhdudiyyətləri fonunda baş verib.

Kuba hökuməti ABŞ sanksiyalarının ölkə iqtisadiyyatına ciddi zərər vurduğunu bildirir və beynəlxalq ictimaiyyəti onların ləğvinə çağırır.

ABŞ tərəfi isə Kuba rəhbərliyini iqtisadi böhrana görə məsuliyyət daşımaqda ittiham edir.

Oktyabrın 28-də BMT Baş Assambleyasında ABŞ-nin Kubaya qarşı iqtisadi, ticarət və maliyyə embarqosunun dayandırılmasını tələb edən qətnamə layihəsinin səsverməyə çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, Baş Assambleya əvvəlki illərdə də dəfələrlə bu embarqonun ləğvinə çağıran qətnamələr qəbul edib. Lakin həmin sənədlər hüquqi baxımdan məcburi xarakter daşımır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti