İsrail Ordusu Livanın cənubunda döyüşlərin şiddətlənməsi fonunda Nəbatiyyə şəhəri və ətraf yaşayış məntəqələri üzrə yeni təxliyə çağırışları yayıb. “Al Jazeera” xəbər verir ki, İsrail qüvvələri Nəbatiyyə sakinlərinə dərhal ərazini tərk edərək daha təhlükəsiz hesab edilən şimal istiqamətinə keçməyi tövsiyə edib. Telekanalın məlumatına görə, bu çağırışlar İsrailin bölgədə hava zərbələrini artırması və quru əməliyyatlarını genişləndirməsi fonunda verilib.
Məlumata əsasən, İsrail qüvvələri Litani çayının şimalında yerləşən Nəbatiyyə bölgəsində irəliləməyə çalışır. “Al Jazeera”-nın müxbiri bildirib ki, İsrail qoşunlarının Zautar əş-Şərqiyyə istiqamətində hərəkəti müşahidə olunur və bu, hava zərbələrinin quru hərəkətləri ilə müşayiət oluna biləcəyini göstərir.
İsrail mayın 26-da Livanın cənub və şərq bölgələrinə 120-dən çox hava zərbəsi endirib. Həmin gün azı 31 nəfər ölüb, 40 nəfər yaralanıb. İsrailin hərbi əməliyyatları aprelin 16-da elan edilmiş atəşkəs rejiminə baxmayaraq davam edir və tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edir.
“Hizbullah” isə İsrail qüvvələri ilə yaxın məsafəli döyüşlər apardığını açıqlayıb. Qruplaşma Zautar əş-Şərqiyyə yaxınlığında İsrail hərbçilərinə qarşı PUA, raket və artilleriya zərbələri endirdiyini bildirib. İsrail tərəfi isə əməliyyatları “Hizbullah”ın infrastrukturunu və hücum imkanlarını zəiflətmək məqsədi ilə izah edir.
İsrailin gecə zərbələri Livanın şərqindəki Bəkaa vadisini də əhatə edib. İsrail ordusu Maşğara və Sohmor sakinlərinə də təcili təxliyə xəbərdarlığı edib və “Hizbullah”a aid obyektlərə yaxın olan şəxslərin təhlükədə olduğunu bildirib.
Maşğara kəndinə endirilən İsrail zərbələri nəticəsində azı 12 nəfər həlak olub. Livan mənbələri ölənlər arasında qadın və uşaqların da olduğunu bildirir.