MSNews.az xəbər verir ki, bu barədə “Kavkazskiy Uzel” nəşri məlumat yayıb.
Nümayiş iştirakçıları siyasi məhbus hesab etdikləri şəxslərin azadlığa buraxılmasına, müxalifətin repressiv hesab etdiyi qanunların ləğvinə və Gürcüstanın Avro-Atlantik inteqrasiya kursuna qayıtmasına çağırıblar. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini də tələb edirlər.
Paytaxtla yanaşı, Kutaisi şəhərində də etirazlar davam edir. Sentyabrın 21-də meriya binasının qarşısına toplaşan fəallar Gürcüstanın Avropaya inteqrasiyasına dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, Gürcüstanda gündəlik etiraz aksiyaları 2024-cü il noyabrın 28-də hökumətin Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını 2028-ci ilin sonunadək gündəmə gətirməyəcəyini açıqlamasından sonra başlayıb.
Həmin vaxtdan etibarən nümayişlər zamanı çoxsaylı şəxslər saxlanılıb, minlərlə insan barəsində inzibati tədbirlər görülüb. Etirazçılar təhlükəsizlik qüvvələrini nümayişlərin dağıdılması zamanı zorakılıq tətbiq etməkdə ittiham edirlər.
Gürcüstan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması ilə bağlı ittihamları rədd edir. Parlamentin sədri Şalva Papuaşvili sentyabrın 3-də bildirib ki, 2024–2025-ci illərdəki etirazlarla əlaqədar cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən 72-si həbsdədir. Onun sözlərinə görə, həmin şəxslər siyasi baxışlarına görə deyil, qanun pozuntularına görə məsuliyyətə cəlb ediliblər.