Azərbaycanda ilk beynəlxalq dağ xizəyi turniri – Azerbaijan Open start götürdü

Şahdağ Turizm Mərkəzində “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri başlayıb. Yarışda 10 ölkədən idmançılar iştirak edir, qaliblər artıq müəyyənləşib.

46

Azərbaycan Turizm Bürosu ölkədə ilk dəfə beynəlxalq dağ xizəyi turnirinin keçirildiyini açıqlayıb.

Yanvarın 8-də “Şahdağ” Turizm Mərkəzində Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə birgə təşkil etdiyi Azerbaijan Open beynəlxalq turnirinə start verilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və federasiyanın prezidenti Fuad Nağıyev iştirak ediblər.

Yarışlarda Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honq Konq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan 20 qadın idmançı mübarizə aparır,

Azərbaycanı dağ xizəyi üzrə idmançı Anastasiya Papatoma təmsil edir.

Turnirin ilk günündə slalom üzrə yarışlar keçirilib və qalib Gürcüstan təmsilçisi Nino Txklauri olub, ikinci yeri İsveçdən Nikita Anner, üçüncü yeri isə Özbəkistandan Kseniya Brejnaya tutub.

Tədbir çərçivəsində Azərbaycan Qış İdman Növləri Federasiyası ilə FIS arasında əməkdaşlığa dair brifinq də təşkil olunub, burada infrastrukturun inkişafı, qış idman növlərinin populyarlaşdırılması və beynəlxalq yarışların keçirilməsi məsələləri müzakirə edilib.

“Azerbaijan Open” turniri yanvarın 10-dək davam edəcək və proqramda NC slalomla yanaşı nəhəng slalom yarışları da yer alır; xatırladaq ki, ötən ilin mayında FIS ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında imzalanmış beşillik tərəfdaşlıq sazişi çərçivəsində ölkə martın 14–15-də mogul üzrə Dünya Kubokunun final mərhələsinə ilk dəfə ev sahibliyi edəcək.