İsveç, Danimarka, Latviya və Norveçin xokkey yığmaları Rusiyanın iştirak edəcəyi 2027-ci il dünya çempionatında bu ölkənin milli komandasına qarşı oynamayacaqlarını bildiriblər. Rusiya millisinin beynəlxalq yarışlara qaytarılması ilə bağlı qərar Avropa ölkələri və turnirin sponsorları arasında ciddi etirazlara səbəb olub.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Həmin ölkələrlə yanaşı, Finlandiya və Çexiya da Rusiya yığmasına qarşı oyunlarda iştirak etməyəcəklərini açıqlayıblar.
Norveç Xokkey Federasiyasının noyabrın 3-də yaydığı rəsmi bəyanatda bildirilib ki, Ukraynada müharibə davam etdiyi müddətdə Rusiya beynəlxalq yarışlardan kənarda saxlanılmalıdır.
Federasiya Rusiya ilə mümkün qarşılaşmaların idmançıların və komanda əməkdaşlarının təhlükəsizliyi üçün risk yarada biləcəyini vurğulayıb. Bununla belə, Norveç millisi turnirdəki digər oyunlarını keçirməyi planlaşdırır.
Etirazların əsas səbəbi İdman Arbitraj Məhkəməsinin (CAS) 30 oktyabrda elan edilmiş qərarıdır. Məhkəmə Beynəlxalq Xokkey Federasiyasının (IIHF) Rusiya komandalarının yarışlardan kənarlaşdırılması ilə bağlı qərarlarını ləğv edib.
IIHF məhkəmənin qərarından narazılığını ifadə edərək, onun həyata keçirilməsinin təşkilati və təhlükəsizlik məsələlərinin yenidən nəzərdən keçirilməsini tələb etdiyini bildirib.
Finlandiyanın təkər istehsalçısı “Nokian Tyres” noyabrın 3-də açıqlayıb ki, Rusiya 2027-ci il dünya çempionatına buraxılarsa, şirkət sponsorluq müqaviləsindən imtina edəcək.
Şirkətin brend və marketinq üzrə rəhbəri Tiina Freyzer bildirib ki, mövcud şəraitdə Rusiyanın iştirak etdiyi turniri maliyyələşdirmək şirkətin dəyərlərinə uyğun deyil. Bu barədə qərar şirkətin rəsmi bəyanatında açıqlanıb.
Bundan əvvəl İsveçin “AJ Products” şirkəti də eyni səbəbdən dünya çempionatına sponsorluğunu dayandıracağını bildirib.
2027-ci il dünya çempionatının ev sahibi Almaniya da Rusiyanın iştirakından narahatdır. Almaniya Xokkey Federasiyası təhlükəsizlik və əlavə maliyyə xərclərini əsas gətirərək turnirin təşkilindən imtina variantını nəzərdən keçirir.
Hələlik Rusiya millisinin turnirdə iştirakının praktiki şərtləri tam müəyyənləşdirilməyib. IIHF CAS qərarının icrası ilə bağlı məsələləri araşdırır.