Futboldan daha çox şeyə səhnə olan Afrika Millətlər Kuboku

AFCON 2025 Mərakeşdə yalnız futbol oyunu deyil, Afrikanın yaddaşına həkk olunan ilhamverici insan hekayələri, azim və azadlıq simvolları ilə tarix yazır.

26

35-ci Afrika Millətlər Kuboku (AFCON 2025) Afrika Futbol Konfederasiyasının (CAF) təşkilatçılığı və Mərakeşin ev sahibliyi ilə keçirilərkən, “futbol bir oyundan daha artığıdır” fikrini təsdiqləyən, qitənin yaddaşına həkk olunacaq ilhamverici və duyğulu insan hekayələri ilə tarixə şahidlik edir.

Turnir boyunca tribunalar yalnız meydandakı oyunu izləyən azarkeşlərlə deyil, həm də Afrikanın müstəmləkəçilik keçmişinə, müharibələrə, daxili qarşıdurmalara və irqçiliyə qarşı səssiz etirazların ifadə olunduğu məkana çevrilib. Yarış 24 komandanın iştirakı ilə davam edərkən futbolçuların Mərakeşə ənənəvi geyimlərlə gəlməsi, azarkeşlərin tribunadakı rəqsləri, milli libasları və musiqi alətləri turnirə xüsusi rəng qatır və Afrika futbolunun kollektiv yaddaşında iz buraxan mənzərələr yaradır.

Tribunaların ən çox diqqət çəkən görüntülərindən biri Konqo Demokratik Respublikasından olan azarkeşin Patris Lumumba xatirəsinə həsr etdiyi səssiz etiraz oldu. Sosial mediada “Patris Lumumbanın nəvəsi” kimi tanınan konqolu azarkeş Mişel Koka Mbuladinqa komandasının oyunları zamanı 90 dəqiqə boyunca heykəl kimi hərəkətsiz dayanaraq sağ qolunu səmaya qaldırdı. O, ölkəsinin ilk baş naziri Patris Lumumbanın 1961-ci ildə, hakimiyyətə gəlişindən cəmi bir il sonra qətlə yetirilməsinin xatirəsini bu yolla yaşatdı. Afrika tarixinin ən qaranlıq səhifələrindən birində öldürülən Lumumbanın cəsədi turşuda əridilmiş, illər sonra aparılan araşdırmalar zamanı Belçikanın cəsədin bəzi qalıqlarını saxladığı ortaya çıxmışdı. Lumumbadan qalan yeganə parça olan dişi 61 il sonra, 20 iyun 2022-ci ildə Brüsseldə ailəsinə təhvil verilmişdi. Konqo Demokratik Respublikası turnirdə 1/8 final mərhələsində mübarizəni dayandırsa da, Mbuladinqa tribunaların ən təsirli simalarından biri kimi yadda qaldı.

Turnirdəki futbolçu hekayələri arasında isə Burkina Fasolu 23 yaşlı hücumçu Georgi Minunqonun hekayəsi xüsusi yer tutur. ABŞ-ın “Seattle Sounders” klubunda çıxış edən futbolçu, 2023-cü ildə sol gözündə ciddi sağlamlıq problemi yaşadı və əməliyyatdan sonra görmə qabiliyyətini tamamilə itirdi. Buna baxmayaraq, karyerasını davam etdirən Minunqo ölkəsinin turnirə vəsiqə qazanmasında və 1/8 final mərhələsinə yüksəlməsində rol oynayaraq Afrika gəncliyi üçün əzmkarlıq və mübarizə nümunəsinə çevrildi.

Afrika Millətlər Kuboku həm də uzun yollar qət edən azarkeşlərin hekayələri ilə yadda qaldı. Əlcəzairli azarkeş Məhəmməd Dastnasin Hindistandan yola çıxaraq böyük hissəsini velosipedlə keçdiyi təxminən 18 min kilometrlik məsafəni qət edərək komandasına dəstək verdi. Görmə məhdudiyyətli mərakeşli azarkeş Məhəmməd Buxaliq isə milli komandasını dəstəkləmək üçün 560 kilometr yol qət etdi. Bu hekayələr turnirin yalnız idman yarışı deyil, eyni zamanda, insan iradəsi və fədakarlığının təntənəsi olduğunu göstərdi.

35-ci Afrika Millətlər Kubokunda yarımfinal oyunları sabah keçiriləcək. Seneqal–Misir qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da, Nigeriya–Mərakeş oyunu isə saat 23:00-da başlayacaq.

2022-ci il Dünya Kubokunda yarımfinala yüksələrək tarix yazan Mərakeş turnuvanın əsas favoritlərindən sayılır, son finalçı Nigeriya bu dəfə yarımçıq qalan işi tamamlayaraq kuboku qazanmaq niyyətindədir. Qitənin ən titullu komandası olan və 7 dəfə çempionluq yaşamış Misir yeni bir zəfər arzulayır, tarixində bir dəfə Afrika çempionu olan Seneqal isə növbəti titul xəyalı ilə mübarizəsini davam etdirir.