Azərbaycanda təcili tibbi yardım xidmətinin operativliyini artırmaq məqsədilə yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb.
MSNews.az xəbər verir ki, TƏBİB-in məlumatına əsasən, ölkədə ilk dəfə motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu model ilkin mərhələdə pilot layihə kimi Bakı şəhərində tətbiq ediləcək. Məqsəd xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda hadisə yerinə daha tez çatmaq, həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilə göstərməkdir.
“Ambucycle” zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilib və xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası, ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirə biləcək.
Zərurət yarandıqda pasiyentin vəziyyətinə uyğun olaraq tam təchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb edilməsi də motosiklet briqadası tərəfindən koordinasiya olunacaq.

Layihəyə cəlb edilən feldşerlər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada, həmçinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində nəzəri və praktiki təlimlər keçiblər.
TƏBİB bildirib ki, pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra “Ambucycle” xidmətinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.