ABŞ kəşfiyyatının məxfi şəbəkəsində ciddi nasazlıq yarandı

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi NSA Net şəbəkəsində nasazlıq qeydə alınıb. Agentlik problemin texniki xidmət zamanı yarandığını, kiberhücum əlamətlərinin isə aşkarlanmadığını bildirib.

60

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşları arasında məxfi məlumat mübadiləsi üçün istifadə olunan NSA Net şəbəkəsində ciddi texniki nasazlıq yaranıb. Hadisə agentliyin daxili kommunikasiya sistemlərinin fəaliyyətinə təsir göstərib.

MSNews.az xəbər verir ki, bu barədə “CNN” hadisədən məlumatlı altı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, nasazlıq səbəbindən əməkdaşların işə gəlmə qrafikində dəyişiklik edilib. Texniki mütəxəssislər problemin miqyasını və şəbəkəyə təsirini araşdırmağa başlayıblar.

“Reuters” agentliyinin məlumatına görə, NSA noyabrın 17-də açıqlama yayaraq nasazlığın planlaşdırılmış texniki xidmət zamanı baş verdiyini təsdiqləyib.

Agentlik bildirib ki, bəzi daxili sistemlərdə müvəqqəti problemlər yaransa da, milli təhlükəsizlik üçün kritik əhəmiyyət daşıyan imkanlar tam fəaliyyətini davam etdirir.

“Associated Press” agentliyinin məlumatına əsasən, hadisənin kiberhücum nəticəsində baş verdiyinə dair sübut aşkarlanmayıb. NSA nasazlığın dəqiq miqyası barədə əlavə məlumat açıqlamayıb.

ABŞ rəsmiləri son günlər ölkənin digər mühüm texnoloji sistemlərində yaranmış nasazlıqların bir-biri ilə əlaqəli olduğuna dair də sübut olmadığını bildiriblər.