Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə dava ilə nəticələnib. Hadisə ilə bağlı tələbələrdən biri 350 manat cərimələnib. Universitet rəhbərliyi isə tələbələrin təhsil müəssisəsindən xaric edilməsi barədə yayılan məlumatları təkzib edib.
MSNews.az xəbər verir ki, hadisə tələbələrdən birinin münasibət qurmaq istədiyi qızla digər tələbənin yaxınlaşması səbəbindən yaranıb.
İddiaya əsasən, tələbələrdən biri digərini Xankəndidə söhbətə çağıraraq onun üzünə yumruq vurub. Daha sonra tərəflər şəhərdəki restoranlardan birində yenidən görüşüblər və aralarında mübahisə davam edib.
Məhkəmə prosesində zərərçəkmiş tələbə universitetdən xaric olunduğunu bildirib və qarşı tərəfin həbs edilməsini istəyib.
Məhkəmə isə digər tələbəni İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimə edib.
Hadisə ilə bağlı Qarabağ Universitetinin açıqlamasında mübahisənin təhsil müəssisəsinin ərazisindən kənarda baş verdiyi və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verildiyi bildirilib.
Universitet heç bir tələbənin bu hadisəyə görə xaric edilmədiyini rəsmən açıqlayıb.