Moldova Prezidenti Mayya Sandu ölkəsinin Rusiyadan təbii qaz alışını tamamilə dayandırdığını açıqlayıb. Dövlət başçısı Moldovanın Rumıniya və Avropa enerji sistemi ilə əlaqələrini gücləndirən yeni elektrik ötürmə xəttinin istifadəyə verildiyini bildirib.
MSNews.az xəbər verir ki, Sandu bu barədə noyabrın 8-də “X” sosial şəbəkəsində paylaşım edib. O, Vulkaneştı–Kişinyov elektrik ötürmə xəttinin istifadəyə verilməsini ölkənin enerji müstəqilliyi istiqamətində mühüm addım adlandırıb.
“Onilliklər ərzində Moskva enerjidən bizə qarşı şantaj vasitəsi kimi istifadə edib. Artıq buna son qoyulub. Moldova Rusiyadan qaz almır”, – deyə Sandu bildirib.
Prezident əlavə edib ki, Rumıniya ilə daha iki elektrik ötürmə xəttinin tikintisi planlaşdırılır. Bu layihələrin Moldovanın Avropa enerji bazarına çıxışını genişləndirməsi nəzərdə tutulur.
Moldova Energetika Nazirliyinin məlumatına görə, 400 kilovoltluq Vulkaneştı–Kişinyov elektrik xətti noyabrın 8-də rəsmən işə salınıb. Təxminən 158 kilometr uzunluğundakı infrastruktur layihəsi Dünya Bankı Qrupunun və Moldova hökumətinin dəstəyi ilə həyata keçirilib. Açılışda Sandu ilə yanaşı, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos da iştirak edib.
“Radio Moldova” nəşrinin məlumatına görə, yeni xəttin ötürmə gücü 630 meqavolt-amperə qədərdir. Bu, Moldovanın elektrik enerjisinə pik tələbatının yarısından çoxuna ekvivalent həcmdə enerjinin ötürülməsinə imkan verir.
Qeyd edək ki, Moldova 2022-ci ilin dekabrından etibarən “Gazprom”dan birbaşa qaz alışını dayandırmışdı. Bununla belə, Dnestryanı bölgədə yerləşən Kuçurqan elektrik stansiyası bir müddət Rusiya qazından istifadə etməyə davam etmişdi. Kişinyov isə həmin stansiyadan elektrik enerjisi alırdı.
Yeni elektrik xətti Moldovanın tədarük marşrutlarını şaxələndirməsinə və Dnestryanı bölgədəki enerji infrastrukturundan asılılığını azaltmasına xidmət edəcək. Bununla belə, ölkədə enerji qiymətlərinin yüksək olması aktual problem olaraq qalır.