Ukraynanın müharibə başa çatdıqdan sonra Qərblə münasibətlərinə yenidən baxaraq Rusiya ilə əlaqələri tədricən bərpa etməsi ehtimalı ABŞ mətbuatında müzakirə olunub. Belə bir ssenari Kiyevin Avropa İttifaqı və NATO-ya inteqrasiya perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda gündəmə gətirilib.
MSNews.az xəbər verir ki, ABŞ-ın “The American Conservative” nəşrində sentyabrın 23-də dərc olunan məqalədə Ukraynanın müharibədən sonrakı xarici siyasət istiqamətləri təhlil edilib.
Məqalənin müəllifi Ted Snider hesab edir ki, müharibə başa çatdıqdan sonra Ukrayna uzun illər davam edən Qərb dəstəyinə baxmayaraq, Avropa strukturlarına inteqrasiya prosesinin ləngiməsindən məyusluq yaşaya bilər. Müəllif bu şəraitdə Kiyevin Moskva ilə münasibətləri bərpa etmək imkanlarını nəzərdən keçirə biləcəyini ehtimal edir.
NATO-ya üzvlük məsələsində də qeyri-müəyyənlik qalır. Alyansın baş katibi Mark Rütte iyunun 3-də Ukraynanın üzvlüyü ilə bağlı müttəfiqlər arasında yekdil mövqenin olmadığını açıqlayıb.