Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”dan təxminən 6,3 milyard dollar dəyərində rəqəmsal aktivlərin oğurlanmasının təfərrüatı açıqlanıb. Hakerlər şirkətin mühəndislərindən birini saxta iş müsahibəsi vasitəsilə aldadaraq onun kompüterinə daxil olub, daha sonra daxili süni intellekt alətindən istifadə etməklə kriptopulqabılarını idarə edən sistemlərə müdaxilə ediblər.
MSNews.az xəbər verir ki, bu barədə “Binance”ın noyabrın 3-də yayımladığı ilkin araşdırma hesabatında məlumat verilib. Hadisənin təfərrüatlarını “Reuters” və “The Washington Post” nəşrləri də yayıblar.
Araşdırmaya əsasən, hücumun hazırlıq mərhələsi hələ iyun ayında başlayıb. Həmin vaxt şirkətin mühəndislərindən biri süni intellektlə proqramlaşdırma aləti quraşdırarkən zərərli proqram təminatı yükləyib. “Binance” müdaxiləni aşkar edərək əməkdaşın kompüterini dəyişsə və giriş məlumatlarını yeniləsə də, hakerlər artıq onun və həmkarlarının vəzifələri barədə məlumat əldə etmişdilər.
Sentyabr ayında isə hakerlər daha mürəkkəb üsula əl atıblar. Onlar uydurma şirkətin nümayəndələri kimi başqa bir mühəndislə əlaqə saxlayaraq ona iş təklif ediblər. Mühəndis iki mərhələli virtual müsahibədən keçib, hətta özünü şirkətin baş direktoru kimi təqdim edən şəxslə danışıb.
Müsahibənin sonunda ona proqramlaşdırma tapşırığı adı altında zərərli kod yerləşdirilmiş fayllar toplusunu yükləmək təklif olunub. Həmin kod iş kompüterində işə salındıqdan sonra hakerlər cihaza gizli giriş əldə ediblər.
Oktyabrın 20-də hücumçular bu girişdən və “Binance”in daxili süni intellekt alətindən istifadə edərək kriptopulqabılarına cavabdeh iki mühəndisin sistemlərinə müdaxilə ediblər.
Oktyabrın 29-da isə oğurlanmış giriş məlumatları vasitəsilə zərərli skript işə salınıb və nəticədə təxminən 6,34 milyard dollarlıq kriptovalyuta oğurlanıb.
Şirkətin məlumatına görə, hücum zamanı beş internetə bağlı kriptopulqabından cəmi dörd dəqiqə ərzində 233,46 milyon XRP çıxarılıb, daha sonra digər rəqəmsal aktivlər də ələ keçirilib.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hücumu Şimali Koreya ilə əlaqələndirilən TraderTraitor haker qrupunun fəaliyyəti kimi qiymətləndirib. Pxenyan isə bu ittihamı rədd edib.
“Binance” ilkin məlumatında oğurlanan vəsaitin təxminən 3 milyard dollarının bloklandığını bildirib. Noyabrın 3-də açıqlanan yenilənmiş hesabatda isə 2,85 milyard dollarlıq aktivin dondurulduğu və ya ələ keçirilməsinin qarşısının alındığı qeyd olunub.
Şirkət baş verənlərə görə istifadəçilərindən üzr istəyərək bütün maliyyə itkilərini öz vəsaitləri hesabına qarşılayacağını açıqlayıb. Oktyabrın 31-nə olan məlumata əsasən, təsirlənən aktivlərin 98 faizi şirkətin ehtiyatları hesabına bərpa edilib.
“Binance” təhlükəsizlik sistemlərini yeniləməyi, müstəqil kibertəhlükəsizlik yoxlamaları keçirməyi və süni intellektə əsaslanan hücum aşkarlama texnologiyalarına investisiyaları artırmağı planlaşdırır.
Hadisə kriptovalyuta sektorunda indiyədək qeydə alınmış ən böyük oğurluqlardan biri kimi qiymətləndirilir.