“Yeni Səngəçal” yarımstansiyası istifadəyə verildi

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. Layihə Səngəçal terminalının bərpaolunan enerji ilə təmin olunmasına imkan yaradacaq.

11

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də “AzərEnerji” ASC-nin 220/110/10 kilovoltluq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.

MSNews.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yeni enerji obyektinin imkanları barədə məlumat verib.

Bildirilib ki, layihə Cəbrayıl rayonunda inşa edilən 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının vahid enerjisistem vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ilə bp arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilib.

Layihənin ilk mərhələsi çərçivəsində Cəbrayıl rayonunda 330 kilovoltluq yarımstansiya tikilib və bu ilin mayında istifadəyə verilib. Növbəti mərhələdə isə Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün “Yeni Səngəçal” yarımstansiyası inşa olunub.

Yeni infrastrukturun istifadəyə verilməsi terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılmasına şərait yaradacaq. Gələcəkdə Cəbrayılda istehsal edilən Günəş enerjisi ölkənin vahid enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.

Layihə nəticəsində terminalın illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi tələbatının bərpaolunan enerji hesabına qarşılanması planlaşdırılır. Bununla hər il 120–150 milyon kubmetr təbii qaza qənaət olunacağı, karbon emissiyalarının isə 260–330 min ton azalacağı gözlənilir.

Ümumi sahəsi 6,5 hektar olan yarımstansiya 111 kilometr uzunluğunda dörd yeni 220 kilovoltluq elektrik verilişi xətti ilə ölkənin enerjisisteminə qoşulub. Obyektin enerji təchizatı “Cənub” və “Qobu” elektrik stansiyaları, həmçinin “Abşeron” yarımstansiyası olmaqla üç müstəqil mənbədən təmin edilir.

“Yeni Səngəçal” yarımstansiyasından terminala qədər ümumi uzunluğu 25 kilometr olan beş 110 kilovoltluq hava-kabel xətti çəkilib. Növbəti mərhələdə daha iki xəttin inşası nəzərdə tutulur.

Yarımstansiya vasitəsilə bp-nin 80 meqavat güc tələbatına malik Səngəçal terminalı və 85 meqavatlıq Şahdəniz Kompressor Stansiyası da elektrik enerjisi ilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik bir milyard kilovat-saatdan çox enerji tələbatı vahid enerjisistem üzərindən qarşılanacaq.

Obyektdə rəqəmsal idarəetmə panelləri və digər müasir avadanlıqlar quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin olunub və ayrıca İdarəetmə Mərkəzi tikilib.