ABŞ özəl şirkətləri hücum xarakterli kiberəməliyyatlara cəlb edir

Donald Trampın imzaladığı yeni memorandum xüsusi yoxlamadan keçmiş ABŞ şirkətlərinə hökumətin nəzarəti altında xaricdəki transmilli kibercinayət şəbəkələrinə qarşı hücum xarakterli əməliyyatlarda iştirak imkanı verir.

65

ABŞ Prezidenti Donald Tramp xüsusi yoxlamadan keçmiş Amerika şirkətlərinin hökumətin nəzarəti altında xaricdə fəaliyyət göstərən transmilli cinayətkar şəbəkələrə qarşı hücum xarakterli kiberəməliyyatlarda iştirakına imkan verən milli təhlükəsizlik memorandumunu imzalayıb. Sənəd avqustun 12-də Ağ Ev tərəfindən dərc olunub.

MSNews.az xəbər verir ki, Ağ Ev memorandumla Milli Koordinasiya Mərkəzinə xaricdəki kibercinayətkar transmilli təşkilatlara qarşı xüsusi proqram yaratmağı tapşırıb. Proqrama qoşulan şirkətlər Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərəcək. Hər bir əməliyyat üçün əvvəlcədən yazılı hökumət təsdiqi tələb olunacaq.

Şirkətlərə yalnız məlumat toplamaq deyil, müəyyən hədəflərə qarşı “kiber təsir əməliyyatları” həyata keçirmək də tapşırıla bilər. Memorandum bu anlayışa informasiya sistemlərinin və şəbəkələrin manipulyasiyası, fəaliyyətinin pozulması, bloklanması, zəiflədilməsi və ya məhv edilməsini daxil edir. “Reuters” bildirir ki, Ağ Ev əsas hədəflər sırasında fidyə proqramları, maliyyə fırıldaqları və digər xaricdən idarə olunan kibercinayət şəbəkələrini göstərir.

Proqrama istənilən şirkət qoşula bilməyəcək. İştirakçılar texniki bacarıq, əvvəlki kiberəməliyyat təcrübəsi, obyektlərin təhlükəsizliyi və əməkdaşların etibarlılığı üzrə ciddi federal yoxlamadan keçməlidirlər. Bundan əlavə, Ədliyyə və Daxili Təhlükəsizlik nazirlikləri şirkətlərdən ən azı 1 milyon dollarlıq təminat və ya eskrou hesabı tələb edə biləcək; müqavilə şərtlərinin pozulması həmin vəsaitin itirilməsi ilə nəticələnə bilər.

Memorandum əməliyyatlara mühüm məhdudiyyətlər də qoyur. İnsan ölümünə və ya ağır xəsarətə səbəb ola biləcək, yaxud beynəlxalq hüquq baxımından “güc tətbiqi” və ya “silahlı hücum” səviyyəsinə çata biləcək əməliyyatlar sənəddə “kritik nəticə” kimi müəyyən edilir və proqram rəhbərləri belə əməliyyatları təsdiqləyə bilməzlər.

Hədəflər də formal olaraq yalnız xarici kibercinayətkar təşkilatlarla məhdudlaşdırılır. Sənədə əsasən, xarici hökumətin institusional hissəsi olan və ya tamamilə başqa dövlətin göstərişi ilə işləyən strukturlar proqramın hədəfi sayılmır. Bununla belə, memorandumda qrupun dövlətlə əlaqəsi barədə aydın kəşfiyyat məlumatı yoxdursa, onun müstəqil cinayətkar struktur olduğu ehtimal edilir.

Yeni yanaşma ABŞ-ın kiberəməliyyatlarında özəl sektorun rolunu əhəmiyyətli şəkildə genişləndirir. “Financial Times” bunu “kiber privateerlik” istiqamətində ciddi dönüş kimi qiymətləndirir. Ekspertlər isə yanlış hədəf müəyyənləşdirilməsi, üçüncü tərəflərin sistemlərinə zərər dəyməsi, hüquqi məsuliyyət və xarici dövlətlərin cavab tədbirləri risklərinə diqqət çəkirlər.

Qeyd edək ki, özəl şirkətlərin hökumətə kibertəhlükələrlə mübarizədə texniki və kəşfiyyat dəstəyi verməsi yeni praktika deyil. Yenilik onların formal dövlət nəzarəti altında birbaşa hücum xarakterli kiberəməliyyatların icrasına cəlb edilməsi üçün ayrıca federal proqramın yaradılmasıdır.