Daşkənddə Nizami Gəncəvi adına universitetin açılışı olub

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüblər.

24

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

MSNews.az xəbər verir ki, dövlət başçıları universitetin rəmzi açılışını bildirən lenti kəsib, daha sonra təhsil müəssisəsinin həyətində ağac əkiblər.

Prezidentlərə universitetin tarixi və burada yaradılan şərait barədə məlumat verilib. Ali məktəbin əsası 1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu kimi qoyulub. 1947-ci ildə müəssisəyə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib, 1998-ci ildən isə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyət göstərib.

Hazırda universitetin strukturuna 6 ali pedaqoji məktəb, Birgə Təhsil Ali Məktəbi, magistratura şöbəsi və 33 kafedra daxildir. Bakalavriat üzrə 38, magistratura üzrə 31 ixtisasda kadr hazırlığı aparılır. 730 müəllim və elmi-pedaqoji əməkdaşın çalışdığı ali məktəbdə 17 mindən çox tələbə təhsil alır. Onların arasında Azərbaycan vətəndaşları da var. Universitetdə dünyanın 13 ölkəsindən 250 xarici tələbə təhsilini davam etdirir.

Ali məktəb dünyanın 20 ölkəsindən 127 universitet və 15 beynəlxalq təhsil təşkilatı, həmçinin UNESCO və UNICEF ilə əməkdaşlıq edir. Burada 12 birgə təhsil proqramı, Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin üzrə dörd beynəlxalq təhsil və mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin Azərbaycanın yeddi ali təhsil müəssisəsi ilə anlaşma memorandumları mövcuddur. Əməkdaşlıq birgə elmi tədqiqatları, konfransları, akademik təcrübə mübadiləsini və mədəni-maarif əlaqələrini əhatə edir. Füzulidə Özbəkistan tərəfindən inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk beş məzununa da qrant əsasında bu universitetdə təhsil almaq imkanı yaradılıb.

“Yeni Daşkənd” ərazisində universitet üçün 40 hektarlıq yeni kampus da yaradılır. Layihədə 20 min nəfər üçün tədris korpuslarının və 5 min yerlik tələbə yataqxanalarının tikilməsi, həmçinin Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyinin yaradılması nəzərdə tutulur.

Açılış mərasimindən sonra İlham Əliyev və Şavkat Mirziyoyev müəllim və tələbələrlə görüşüblər. Prezident İlham Əliyev Özbəkistanın Füzulidə məktəb inşa etməsinə və Nizami Gəncəvinin irsinə göstərilən ehtirama görə təşəkkür edib. Tələbələrdən biri Azərbaycan dilində dövlət başçısını salamlayaraq şeirlərini səsləndirib.

Universitetin yeni binasının açılması İlham Əliyevin Özbəkistana dövlət səfərinin əsas humanitar tədbirlərindən biri olub. Şavkat Mirziyoyev daha əvvəl Azərbaycan və Özbəkistan arasında təhsil, mədəniyyət və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu bildirmişdi.