Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ali dövlət mükafatları ilə təltifolunma mərasimi keçirilib.
Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, Şavkat Mirziyoyev Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini Prezident İlham Əliyevə təqdim edib.
Özbəkistan Prezidentinin rəsmi saytında bildirilir ki, mükafat İlham Əliyevin Azərbaycan və Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Prezident İlham Əliyev təltifə görə Özbəkistan rəhbərliyinə və xalqına təşəkkürünü bildirib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də “Heydər Əliyev” ordenini Şavkat Mirziyoyevə təqdim edib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Özbəkistan dövlət başçısı iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycanın bu yüksək dövlət mükafatına layiq görülüb.
Şavkat Mirziyoyev mükafata görə təşəkkür edərək “Heydər Əliyev” ordeninin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib və bunu Azərbaycan-Özbəkistan dostluğu, strateji tərəfdaşlığı və müttəfiqliyinin möhkəmləndirilməsi istiqamətində birgə səylərə verilən yüksək qiymət kimi dəyərləndirib.