Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Kənddə 242 fərdi yaşayış evi və müasir sosial infrastruktur istifadəyə verilib.
MSNews.az xəbər verir ki, ümumi sahəsi 179,5 hektar olan kəndin birinci mərhələsi çərçivəsində 62,57 hektar ərazidə 2-5 otaqlı evlər, məktəb, uşaq bağçası, inzibati bina, bazar kompleksi və xidmət obyektləri inşa edilib. Evlər su, qaz, elektrik, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub.
Kənddə 264 şagird yerlik məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, tibb məntəqəsi, aptek, market, həmçinin Bayraq meydanı, park və idman zonası yaradılıb.
Açılışdan sonra Prezident və birinci xanım Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Görüş zamanı dövlət başçısı iki kəndə təxminən 700 ailənin qayıtdığını bildirib. İlham Əliyevin sözlərinə görə, son altı ildə Qarabağ və Şərqi Zəngəzura 100 minə yaxın insanın qayıdışı təmin edilib.
Prezident Zəfər Günü münasibətilə sakinləri təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı əsas prioritetlərdəndir.
Sakinlərlə söhbət zamanı Zəngəzur dəhlizinə də toxunan İlham Əliyev nəqliyyat xəttinin kəndin ərazisindən keçdiyini və gələcəkdə burada böyük iqtisadi inkişafın gözlənildiyini vurğulayıb.
Görüşün sonunda Prezident sakinlərə yeni evlərinin açarlarını təqdim edib.
Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də işğaldan azad edilən Cahangirbəyli kəndinin təməli 2023-cü ilin mayında qoyulub.










