2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026” yekunlaşıb

Şamaxıda keçirilən “Yay Fest 2026” gənclər festivalı başa çatıb. Süni intellekt, rəqəmsal transformasiya və innovasiyalara həsr olunan 8 tematik düşərgədə 2 mindən çox gənc iştirak edib.

87

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxıda keçirilən “Yay Fest 2026” başa çatıb. İyulun 13-dən sentyabrın 4-dək davam edən festival çərçivəsində 8 tematik düşərgədə ümumilikdə 2 mindən çox gənc iştirak edib.

MSNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu builki festivalın əsas mövzusunun süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar olduğunu bildirib. Festivalın konsepsiyası Prezident İlham Əliyevin müəyyən etdiyi rəqəmsal inkişaf prioritetləri ilə əlaqələndirilib.

Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı fəaliyyət planına həsr olunan müşavirədə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşmanı ölkənin gələcək inkişafını müəyyən edən əsas istiqamətlər sırasında göstərmişdi.

Festival müddətində “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI: İdman və Sağlamlıq” adlı səkkiz düşərgə təşkil olunub. Hər düşərgə beş gün davam edib.

Proqram çərçivəsində gənclər dövlət rəsmiləri, özəl sektor nümayəndələri və texnologiya mütəxəssisləri ilə görüşlərdə, panel müzakirələrində, vörkşop və master-klaslarda iştirak ediblər. Məqsəd iştirakçıların yeni texnologiyalar, innovasiya və sahibkarlıq sahələrində biliklərini artırmaq, yaradıcı və komanda işi bacarıqlarını inkişaf etdirmək olub.

Festival yalnız təlim proqramları ilə məhdudlaşmayıb. İştirakçılar üçün intellektual və idman yarışları, haykinq, komanda quruculuğu fəaliyyətləri, ekskursiyalar, musiqili proqramlar və digər sosial tədbirlər də təşkil edilib.

Gənclər Fondunun məlumatına görə, “Yay Fest” iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivallarından biri kimi gənclərin şəxsi və peşəkar inkişafına, şəbəkələşməsinə və yeni təşəbbüslərin formalaşmasına xidmət edir. Festival 2026-cı ildə altıncı dəfə təşkil olunub.

Qeyd edək ki, Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı həyata keçirilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930