Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Prezident İlham Əliyev Türkmənistanın “Avaza” kompleksində Prezident Serdar Berdiməhəmmədov tərəfindən qarşılanıb. Azərbaycan lideri Mərkəzi Asiya dövlət başçılarının səkkizinci Məşvərət Görüşündə iştirak edir.

109

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərək regional əməkdaşlığın əsas istiqamətlərindən danışıb. Dövlət başçısı nəqliyyat, enerji, ticarət və investisiya əlaqələrinin genişləndiyini vurğulayıb.

MSNews.az xəbər verir ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olduğunu xatırladıb və bu qərarın qəbulunda Türkmənistanın rolunu xüsusi qeyd edib.

Dövlət başçısı son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə genişləndiyini bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, Azərbaycanda isə bu ölkələrin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir.

Prezident həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılan birgə investisiya fondlarının potensialından daha fəal istifadə edilməsinin vacibliyini vurğulayıb. İlham Əliyev bildirib ki, məqsəd yalnız qarşılıqlı ticarəti artırmaq deyil, həm də birgə investisiya qoymaq, istehsal yaratmaq və üçüncü bazarlara çıxmaq olmalıdır.

Çıxışda nəqliyyat əməkdaşlığına xüsusi diqqət ayrılıb. Prezidentin sözlərinə görə, Xəzər dənizi Mərkəzi Asiyanı Azərbaycan və beynəlxalq bazarlarla birləşdirən əsas nəqliyyat məkanlarından birinə çevrilir.

İlham Əliyev bildirib ki, Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi ötən il 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Paralel olaraq “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirildiyi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişaf etdirildiyi qeyd olunub.

Energetika sahəsinə toxunan Prezident Azərbaycan üzərindən Türkmənistan və Qazaxıstan neftinin daşınmasının artdığını bildirib. O, həmçinin Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparıldığını qeyd edib.

İlham Əliyev azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya ölkələrinin dəstəyini də xüsusi vurğulayıb. O, Özbəkistanın Füzulidə məktəb, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda məktəb inşa etdiyini, Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscid tikildiyini xatırladıb.

Prezident çıxışının sonunda regional sabitliyin əhəmiyyətini vurğulayaraq bildirib ki, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Azərbaycan və Mərkəzi Asiya ölkələrinin gələcək inkişafının əsas təminatıdır.

Türkmənistanın rəsmi proqramına əsasən, “Avaza” 7–9 oktyabr tarixlərində bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.