Marin Le Pen Fransada hicabı qadağan etmək istəyir

Fransalı siyasətçi Marin Le Pen hakimiyyətə gələcəyi təqdirdə hicabın ictimai yerlərdə mərhələli şəkildə qadağan edilməsini və bununla bağlı referendum keçirilməsini planlaşdırdığını açıqlayıb.

28

Fransanın müxalif Milli Birlik (RN) partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen hakimiyyətə gələcəyi təqdirdə ölkədə hicabın ictimai yerlərdə mərhələli şəkildə qadağan edilməsini planlaşdırdığını bildirib.

MSNews.az xəbər verir ki, Le Pen bu barədə LCI telekanalına müsahibəsində danışıb. “AFP” agentliyinin məlumatına görə, siyasətçi qadağanın ilkin mərhələdə universitetləri, məktəb ekskursiyalarını, idman federasiyalarını və dövlət binalarını əhatə etməsini təklif edib.

Le Pen hicabı siyasi islamçılıqla əlaqələndirərək onu totalitar ideologiyanın təzahürlərindən biri kimi qiymətləndirib. Onun fikrincə, islamçı fundamentalistlərin hakimiyyətə gəldiyi ölkələrdə qadınların hicab taxmağa məcbur edilməsi ilk qərarlardan biri olur.

Siyasətçi Fransada şəriət qanunlarının tətbiqinə yönələn təşəbbüslərə qarşı çıxacağını vurğulayıb. Bununla yanaşı, müsəlmanların öz dinlərinə etiqad etmək və dini inanclarını qorumaq hüququna malik olduqlarını bildirib.

Le Pen qadağanın birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirilməsinin tərəfdarı olduğunu söyləyib. O, zamanla müsəlman qadınları hicabdan imtinanın onlara daha çox azadlıq verəcəyinə inandıra biləcəyinə ümid etdiyini ifadə edib.

“Le Monde” nəşrinin məlumatına görə, təşəbbüs Milli Birlik partiyası daxilində də fikir ayrılıqlarına səbəb olub. Partiyanın bəzi nümayəndələri qadağanın hüquqi baxımdan həyata keçirilməsinin çətin olacağını düşünürlər.

Le Pen həmçinin islamçı ideologiyalarla mübarizəyə dair referendum keçirməyi planlaşdırır. Onun sözlərinə görə, referendumda hicabla yanaşı, radikal məscidlərin fəaliyyəti, dini təşkilatların maliyyələşdirilməsi və radikal ideologiyaların yayılmasına qarşı tədbirlər də nəzərdə tutulacaq.

Qeyd edək ki, Fransada hazırda dövlət məktəblərində nəzərəçarpan dini simvolların istifadəsinə və ictimai yerlərdə üzü tam örtən geyimlərə məhdudiyyətlər mövcuddur. Lakin hicabın bütün ictimai yerlərdə taxılmasına ümumi qadağa tətbiq edilməyib. Le Penin açıqladığı plan da hələlik siyasi təşəbbüs xarakteri daşıyır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.