Yaponiya hökuməti xarici dövlətlərin maraqları naminə fəaliyyət göstərən şəxslər və təşkilatlar üçün məcburi qeydiyyat sisteminin yaradılmasını nəzərdən keçirir. Yeni mexanizm xarici təsir əməliyyatlarının qarşısının alınmasına, siyasi proseslərin şəffaflığının artırılmasına və milli təhlükəsizliyin gücləndirilməsinə yönəlib.
MSNews.az xəbər verir ki, bu barədə “The Japan Times” və Yaponiyanın “Jiji Press” agentliyi məlumat yayıb.
Oktyabrın 26-da Yaponiyanın Baş nazirinin dəftərxanasında kəşfiyyat imkanlarının gücləndirilməsi üzrə ekspert şurasının ikinci iclası keçirilib. Görüşdə xarici dövlətlərin ölkənin siyasi qərarlarına və ictimai rəyə təsir göstərmək cəhdlərinin qarşısını almaq üçün yeni qanunvericilik mexanizmləri müzakirə olunub.
Təklifə əsasən, xarici hökumətlərin göstərişi və ya onlarla bağlanmış müqavilələr əsasında Yaponiyada lobbiçilik fəaliyyəti göstərən şəxslər və təşkilatlar müvafiq dövlət qurumlarında qeydiyyatdan keçməli olacaqlar.
Yeni tələblər siyasi məsləhətçilərə, analitik mərkəzlərə, reklam agentliklərinə və xarici dövlətlərin maraqlarını təmsil edən digər təşkilatlara şamil oluna bilər.
Əsas məqsəd bu fəaliyyətlərin ictimaiyyət və dövlət qurumları üçün şəffaf olmasını təmin etməkdir.
Yaponiyanın Milli Polis İdarəsi iclasda xarici müdaxilənin üç əsas formasına diqqət çəkib:
-
Siyasi qərarlara təsir göstərmək üçün dövlət rəsmiləri ilə əlaqələrin qurulması;
-
Seçkilərin nəticələrinə və ictimai rəyə təsir məqsədilə məlumatların yayılması;
-
Dövlət qərarlarına təsir etmək üçün maddi və digər iqtisadi üstünlüklərin təklif olunması.
Hökumət qeydiyyat tələblərini pozan və gizli, aldadıcı, yaxud məcburetmə üsulları ilə xarici təsir fəaliyyəti aparan şəxslərə qarşı cəzaların tətbiqini də nəzərdən keçirir.
Yaponiya hökuməti ABŞ, Böyük Britaniya və Fransada tətbiq olunan oxşar hüquqi mexanizmləri araşdırır.
Ekspertlər isə yeni qaydaların akademik əməkdaşlığa, jurnalist fəaliyyətinə və qanuni beynəlxalq əlaqələrə əsassız maneələr yaratmamasının vacibliyini vurğulayıblar.
Hökumət qanun layihəsini 2027-ci ildə parlamentin növbəti növbəti sessiyasına təqdim etməyi hədəfləyir.
Qeyd edək ki, xarici agentlərin məcburi qeydiyyatı ilə bağlı qanun hələ qəbul edilməyib. Hazırda sistemin əhatə dairəsi, qeydiyyat qaydaları və mümkün cəzalar müzakirə mərhələsindədir.