Xamenei etirazçılara sərt xəbərdarlıq etdi: “İslam Respublikası qorxmayacaq”

İranın ali rəhbəri ayətullah Əli Xamenei ölkədəki etirazları sərt tənqid edib, etirazçıları dağıdıcı fəaliyyət və xarici qüvvələrə bağlı olmaqda ittiham edib.

84

İranın ali rəhbəri ayətullah Əli Xamenei ölkədə baş verən etiraz aksiyalarını sərt tənqid edib və etirazçıları dağıdıcı fəaliyyətlərlə məşğul olmaqda, xarici qüvvələrə meylli olmaqda ittiham edib. Bu barədə “Mehr” agentliyi məlumat verir.

Xameneinin sözlərinə görə, keçən gecə Tehranda və bir sıra digər şəhərlərdə “vandal qruplar” ölkəyə məxsus binaları dağıdaraq ABŞ prezidenti üçün “xidmət göstərməyə” çalışıblar. O bildirib ki, bu şəxslər ümidlərini Vaşinqtona bağlayır və bu fəaliyyətləri ilə İranın ziyanına işləyirlər.

“Onlar sadəcə ABŞ prezidentini razı salmaq üçün hansısa binanı və ya divarı dağıdıblar. Çünki o, mənasız sözlər deyib — guya, ‘Əgər İran hökuməti hansısa etirazçını öldürsə, mən sizin tərəfinizdə olacağam.’ Əgər bacarırsa, əvvəlcə öz ölkəsi ilə məşğul olsun, orada onsuz da müxtəlif insidentlər baş verir”, — deyə Xamenei vurğulayıb.

O əlavə edib: “Hamı bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib. İslam Respublikası dağıdıcılıqla məşğul olanlardan qorxmayacaq”.