Türkiyə Özbəkistanla hərbi əməkdaşlıq çərçivəsində bu ölkəyə məsləhətçi nümayəndə heyəti göndərib. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər mətbuat toplantısında açıqlayıb. Nazir bildirib ki, Türkiyənin dəstəklədiyi dost və qardaş ölkələr “Türkiyə modelinə bənzər silahlı qüvvələr strukturunun” qurulmasını istəyirlər.
Gülərin sözlərinə görə, dərin tarixi və mədəni bağlara malik Özbəkistanla davam edən hərbi əməkdaşlıq çərçivəsində general-mayorun rəhbərliyi ilə məsləhətçi heyət bu ölkədə fəaliyyətə başlayıb. Nazir qeyd edib ki, bu addım “Azərbaycanda olduğu kimi” həyata keçirilir.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Ankara və Daşkənd arasında müdafiə sahəsində təmaslar son aylarda daha da intensivləşib. 2026-cı ilin yanvarında Yaşar Gülər Özbəkistanın müdafiə naziri general-leytenant Şührət Halmuhamedovla Ankarada görüşüb, tərəflər arasında heyətlərarası danışıqlar keçirilib.
“TRT Avaz”-ın məlumatına görə, həmin görüşdən sonra Türkiyə və Özbəkistan arasında “Hərbi səhiyyə sahəsində təhsil və əməkdaşlığa dair saziş” imzalanıb. Özbəkistan nümayəndə heyəti həmçinin Türkiyə-Özbəkistan Ortak Strateji Planlaşdırma Qrupunun toplantısında iştirak edib.
Qeyd edək ki, Türkiyə ilə Özbəkistan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq təkcə təlim və məsləhətçi dəstəklə məhdudlaşmır. Anadolu Agentliyinin məlumatına əsasən, 2024-cü ildə Yaşar Gülərin Daşkəndə səfəri zamanı iki ölkə arasında müdafiə, təhlükəsizlik və müdafiə sənayesi məsələləri də müzakirə olunub.
Ekspertlərə görə, Türkiyənin Azərbaycanda tətbiq etdiyi hərbi əməkdaşlıq təcrübəsi son illərdə regional müdafiə tərəfdaşlığı baxımından mühüm nümunəyə çevrilib. Bu kontekstdə Özbəkistana məsləhətçi heyətin göndərilməsi Ankaranın Türk dünyası ölkələri ilə hərbi inteqrasiyanı və müdafiə sahəsində institusional əməkdaşlığı genişləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.