Baltik ölkələri — Estoniya, Latviya və Litva — Avropa İttifaqının Şengen zonasının hərbi analoqu kimi qiymətləndirilən “Baltik Hərbi Hərəkətlilik Zonası”nın yaradılması barədə razılığa gəliblər.
Estoniyanın dövlət yayımçısı “ERR”-nin məlumatına görə, Estoniya müdafiə naziri Hanno Pevkur, Latviya müdafiə naziri Andris Spruds və Litva müdafiə naziri Robertas Kaunas Estoniyanın paytaxtı Tallinn şəhərində regional təşəbbüsü rəsmiləşdirən birgə niyyət bəyannaməsini imzalayıblar.
Birgə mətbuat konfransında çıxış edən Hanno Pevkur bildirib ki, mövcud prosedurlar bəzi hallarda hərbi qüvvələrin hərəkətini aylarla gecikdirə bilir. Onun sözlərinə görə, “hərbi Şengen” təşəbbüsünün əsas məqsədi orduların bir Avropa ölkəsindən digərinə keçidi zamanı bürokratik maneələrin və sənəd dövriyyəsinin aradan qaldırılmasıdır.
Litvanın müdafiə naziri Robertas Kaunas isə qeyd edib ki, bu təşəbbüs praktik və operativ üstünlüklər yaradacaq. O vurğulayıb ki, böhran dövrlərində vaxt həlledici amildir və bürokratik əngəllər müdafiə və yayındırıcılıq imkanlarını zəiflədə bilər.
Latviyanın müdafiə naziri Andris Spruds layihənin daha geniş miqyaslı olduğunu bildirərək, hərbi hərəkətlilik zonasının quru, dəniz, hava və kiberməkanda fəaliyyət göstərəcəyini açıqlayıb.
Nazirlər təşəbbüsün sülh dövrü üçün nəzərdə tutulduğunu, əsas məqsədinin hərbi hazırlığı və yayındırıcılığı gücləndirmək olduğunu, eyni zamanda NATO-nun şərq cinahında təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdiyini bildiriblər.
“Baltik Hərbi Hərəkətlilik Zonası” NATO müttəfiqləri də daxil olmaqla silahlı qüvvələrin sərhədlərarası hərəkətini ləngidən bürokratik maneələrin azaldılmasını və prosedurların uyğunlaşdırılmasını hədəfləyir.