Tramp Orbanı BMT-nin rəhbəri etmək istəyir

Donald Tramp administrasiyası Macarıstanın sabiq baş naziri Viktor Orbanın BMT-nin Baş katibi vəzifəsinə namizədliyini nəzərdən keçirir. Vaşinqton onun Rusiya və Çinin dəstəyini qazana biləcəyini düşünür.

70

ABŞ Prezidenti Donald Trampın administrasiyası Macarıstanın sabiq baş naziri Viktor Orbanı Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti Baş katibi vəzifəsinə namizəd kimi nəzərdən keçirir. Vaşinqton hesab edir ki, Orban ABŞ ilə yanaşı, Rusiya və Çinin də dəstəyini qazana bilər.

MSNews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” üç ölkədən olan mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri artıq Orbanla əlaqə saxlayaraq onun BMT Baş katibi vəzifəsi uğrunda mübarizəyə qoşulmağa marağını öyrəniblər.

Macarıstanın sabiq hökumət başçısının təklifə müsbət yanaşdığı, lakin qalib gəlmək şansından əmin olmadan namizədliyini irəli sürmək istəmədiyi bildirilir.

Vaşinqton Orbanın BMT Təhlükəsizlik Şurasında 15 üzvdən 10-nun dəstəyini qazana biləcəyini düşünür.

ABŞ Dövlət Departamentindəki mənbə bildirib ki, sabiq baş nazir səkkiz ölkənin səsini nisbətən asanlıqla əldə edə bilər. Digər iki ölkənin dəstəyi ilə bu rəqəmin 10-a çatması mümkün hesab olunur.

Amerika rəsmilərinin fikrincə, Orbanın Moskva və Pekinlə əvvəlki münasibətləri onun üç böyük dövlətin ortaq namizədinə çevrilməsinə şərait yarada bilər.

Bununla belə, Rusiya və Çin Orbanın namizədliyini rəsmi şəkildə dəstəklədiklərini açıqlamayıblar.

Orbanın qarşısında əsas maneələrdən biri Fransa və Böyük Britaniyanın mövqeyi ola bilər.

BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən təyin edilir. Namizədin təsdiqlənməsi üçün Təhlükəsizlik Şurasında ən azı doqquz müsbət səs tələb olunur və beş daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir.

Bu səbəbdən ABŞ, Rusiya və Çinin mümkün dəstəyi Orbanın seçilməsi üçün təkbaşına kifayət etməyə bilər.

Nəşrin məlumatına görə, Tramp administrasiyasında Orbanın mühafizəkar siyasi baxışları və mürəkkəb siyasi şəraitdə idarəçilik təcrübəsi onun namizədliyinin üstünlükləri kimi qiymətləndirilir.

Bununla yanaşı, Orbanın Avropa İttifaqı ilə əvvəlki fikir ayrılıqları və Rusiya ilə münasibətləri də mümkün namizədlik ətrafında müzakirələrə səbəb ola bilər.

Qeyd edək ki, hazırkı BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Yeni Baş katibin 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlaması nəzərdə tutulur.

Hələlik Orbanın namizədliyi rəsmi şəkildə irəli sürülməyib və ABŞ administrasiyasının planı yekun qərar mərhələsinə çatmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti